Son illər Azərbaycanda nağdsız ödənişlərin təşviqi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Mərkəzi Bank kart ödənişləri üzrə banklar və ödəniş sistemləri arasında tətbiq olunan komissiyalara yuxarı hədd müəyyən edib. Yeni qaydaların həm sahibkarların xərclərinin azalmasına, həm də POS-terminal şəbəkəsinin genişlənməsinə töhfə verəcəyi bildirilir. Bəs komissiya limitlərinin tətbiqi bazara və vətəndaşlara necə təsir göstərəcək? Bu dəyişiklikdən kimlər qazanacaq, kimlər itirəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, söhbət vətəndaşların gündəlik kart əməliyyatlarından deyil, banklar və ödəniş sistemləri arasında aparılan hesablaşmalardan gedir.

Onun sözlərinə görə, vətəndaşlar əvvəlki qaydada kartları ilə alış-veriş edə biləcəklər:
“Bir bankın kartı ilə digər bankın POS-terminalında ödəniş edildikdə banklar arasında hesablaşma aparılırdı. Vəsaiti qəbul edən bank əməliyyatda iştirak edən digər banka müəyyən komissiya ödəyirdi. Ödənişlərin bir hissəsi isə ödəniş sistemlərinə yönəlirdi. Mərkəzi Bank bu komissiyalara limit tətbiq etməklə POS-terminal şəbəkəsinin genişlənməsinə və bazarda daha əlverişli şəraitin formalaşmasına çalışır.
Əvvəllər komissiyalar üzrə məhdudiyyətlərin olmaması bəzi hallarda bankların ticarət obyektlərindən daha yüksək ödəniş tələb etməsinə səbəb olurdu. Nəticədə sahibkarlar kartla ödəniş qəbul etməkdə maraqlı olmur, bəzi hallarda isə nağdsız ödənişlərdən yayınmağa çalışırdılar”.
Xalid Kərimlinin sözlərinə görə, yeni tənzimləmə sahibkarların əlavə xərc yükünü azaltmaqla yanaşı, nağdsız ödənişlərin həcminin artmasına da töhfə verəcək:
“Mərkəzi Bank komissiyalar üzrə yuxarı hədd müəyyən etməklə artıq faiz xərclərinin qarşısını almağa çalışır. Bu addım bazarda şəffaflığı artırır, bəzi bankların yüksək komissiyalar tətbiq etməsinin qarşısını alır və banklararası hesablaşmalar üçün daha konkret qaydalar formalaşdırır. Əsas məqsəd sahibkarların nağdsız ödənişlərdən yayınmaq istəyini azaltmaqdır. Komissiya xərcləri son nəticədə məhsul və xidmətlərin qiymətlərinə də təsir göstərirdi. Sahibkarlar əlavə xərcləri qiymətlərə daxil etdikləri üçün bu yük dolayı yolla istehlakçıların üzərinə düşürdü”.
Bununla belə, iqtisadçı yeni qaydaların müəyyən mənfi təsirlərinin də ola biləcəyini istisna etmir:
“Bu qərar müştərilər üçün narahatlıq doğuran amil deyil. Əksinə, POS-terminallardan istifadənin genişlənməsinə xidmət edir. Lakin sonrakı mərhələdə bankların müştərilərə təqdim etdiyi keşbek, bonus və digər təşviq proqramlarının həcminə təsir göstərə bilər. Son dövrlərdə keşbek faizlərinin azalmasını müşahidə edirik. Həmin vəsaitlərin bir hissəsi məhz komissiya gəlirləri hesabına formalaşırdı. Komissiya limitlərinin tətbiqi keşbek və bonusların səviyyəsinin aşağı düşməsinə səbəb olacaq”.
İqtisadçının fikrincə, ümumilikdə yeni tənzimləmə nağdsız ödənişlərin təşviqi, sahibkarların əlavə xərclərinin azaldılması və ödəniş bazarında rəqabətin gücləndirilməsi baxımından müsbət addım hesab oluna bilər. Bununla yanaşı, bankların gəlirlərinin azalması müştərilər üçün nəzərdə tutulan bəzi loyallıq proqramlarının həcminə təsirsiz ötüşməyəcək.


























