Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heydər Əliyev bu günki Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlandı. Respublikanın rəhbəri kimi Heydər Əliyev ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltdi. O, mahir siyasətçi kimi Ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoydu.O dövrdə Heydər Əliyev respublikada partiya lideri olmaqla yanaşı həm də SSRİ Ali Sovetinin (VIII-XI çağırışlar) deputatı, yuxarı palatanın – İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X, XII çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli beş qərar qəbul etdi. İttifaq Fondundan bu məqsədlə respublikaya külli miqdarda vəsait ayrıldı.Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. Ali Sovetin işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladılar. Respublikanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı, bu sahələr üzrə onlarla qanun və qərarlar qəbul edildi. Heydər Əliyev bu dövrdə respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi. Heydər Əliyev parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi. O, dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. Hakimiyyətin mühüm qollarından biri kimi bugünkü Milli Məclis də varislik prinsipinə sadiq qalaraq parlamentarizm ənənələrini inkişaf etdirməkdədir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.Bu gün bizim inkişaf səviyyəmiz bu qədər yüksəkdirsə,bu yüksəlişdə Heydər Əliyevin rolu danılmazdır.Heydər Əliyevin əziz xatirisini hər bir azərbaycanlı yaşadır və yaşadacaq!
Nəsimi rayon sakini Mədinə Xubaliyeva