Sosial şəbəkələrdə kosmetoloji xidmətlərin reklamı və bu sahədə fəaliyyət göstərən şəxslərin peşəkar ixtisası ilə bağlı suallar gündəmdə qalmaqdadır. Bu dəfə diqqətimizi Instagram platformasında kosmetoloq_dr.gunel adı ilə fəaliyyət göstərən Günel Babayeva çəkib.
Vətəninfo.az xəbər verir ki,, Günel Babayeva sosial şəbəkə hesabında özünü həkim-kosmetoloq kimi təqdim edir. Profilində botoks, dolğu və yaşlanmaya qarşı müxtəlif kosmetoloji prosedurlar təklif etdiyi, 5 illik təcrübəyə malik olduğu və 4000-dən çox pasiyentə xidmət göstərdiyi qeyd olunur.
Lakin burada ciddi suallar ortaya çıxır: Günel Babayevanın həkim kimi fəaliyyət göstərməsinə əsas verən müvafiq tibbi təhsili və ixtisas sənədləri varmı? Botoks və dolğu kimi tibbi müdaxilələr həyata keçirmək üçün tələb olunan peşəkar kvalifikasiyaya malikdirmi?
Redaksiyamızın diqqətini çəkən digər məqam isə onun fəaliyyət ünvanları ilə bağlıdır. Belə ki, Instagram profilinin bio hissəsində Bi-Es Vip Clinic və Caspian Hospital, həmçinin Bakı şəhəri, Həsən Əliyev küçəsi, 74 ünvanı qeyd olunub.
Bu ünvanlarda hansı əsaslarla fəaliyyət göstərildiyi, kosmetoloji prosedurların hansı şəraitdə həyata keçirildiyi və xidmət göstərən şəxsin müvafiq sənədlərinin olub-olmadığı aydınlaşdırılmalıdır.
Məsələ xüsusilə ona görə həssasdır ki, botoks və dolğu prosedurları sadəcə kosmetik xidmət deyil. Bu müdaxilələr insan sağlamlığı ilə birbaşa əlaqəlidir və müvafiq tibbi bilik, təcrübə və peşəkar məsuliyyət tələb edir. İxtisası və səlahiyyəti olmayan şəxslərin bu sahədə fəaliyyət göstərməsi pasiyentlər üçün ciddi risklər yarada bilər.
Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara çağırış
Səhiyyə Nazirliyini və müvafiq nəzarət qurumlarını Günel Babayevanın fəaliyyəti ilə bağlı araşdırma aparmağa çağırırıq.
Araşdırılmasını vacib hesab etdiyimiz suallar:
– Günel Babayevanın həkimlik təhsili və müvafiq ixtisas sənədləri varmı?
-Botoks və dolğu prosedurları həyata keçirmək üçün qanunvericiliyin tələb etdiyi peşəkar səlahiyyətlərə malikdirmi?
-Qeyd olunan klinikalarda onun hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyi araşdırılıbmı?
– Təklif olunan kosmetoloji xidmətlərin təhlükəsizlik və tibbi tələblərə uyğunluğu yoxlanılıbmı?
İnsan sağlamlığı reklam və sosial şəbəkə izləyicilərinin sayı ilə ölçülmür! Özünü həkim kimi təqdim edən hər bir şəxsin müvafiq təhsili, ixtisası və qanuni fəaliyyət əsasları şəffaf olmalıdır.
Günel Babayevanın və adıçəkilən tibb müəssisələrinin mövqeyini dərc etməyə, həmçinin aidiyyəti qurumların araşdırmasının nəticələrini ictimaiyyətə çatdırmağa hazırıq.
Qeyd edək ki, hazırda təqdim olunan görüntü yalnız sosial şəbəkə profilindəki məlumatları əks etdirir. Şəxsin tibbi sənədlərinin olmadığı barədə iddianı təsdiqləyən rəsmi sənəd redaksiyamızda yoxdur. Bu səbəbdən məsələyə aidiyyəti qurumların aydınlıq gətirməsi vacibdir.(İstinad:Serhedaz.az)


























