image-354730d3-46da-4847-95aa-61b38fdf8885backend

“KRIM QARNİZONUNU MÜTLƏQ MƏHV ETMƏLİYİK…” – “Düşmənçilik yalnız Rusiya imperiyasının dağılması ilə aradan götürüləcək”

image-reklam_sirab_01

Hazırda operativ baxımdan Ukrayna ordusunun qarşısında duran çətin vəzifələrdən biri ilk növbədə rusların bütün cəbhə boyunca qurduğu güclü müdafiə xətlərini yarıb, Azov dənizi istiqamətində irəliləməkdir. Belə hesab olunur ki, bundan sonrakı mərhələ Donbas bölgəsinin işğaldan azad edilməsidir. Lakin bir çox hərbi ekspertin fikrincə, Krım yarımadasında yerləşən rus hərbi birləşmələri məhv olunmayınca Donbasda əməliyyat aparmaq səhvdir. Digər yandan, müharibədəki ən vacib məsələ Rusiya ordusunun itkiləri ilə bağlıdır.

Vətəninfo.az Ukrayna Silahlı Qüvvələrinin istefadakı polkovniki, təyyarəçi-təlimatçı, hərbi ekspert Roman Svitanın bu məsələlər barəsində Ukraynanın “Obozrevatel.com” saytına verdiyi müsahibəsini oxuculara təqdim edir:

– “Rusiya və Avrasiyanın öyrənilməsi üzrə beynəlxalq sülh uğrunda Karnegi fondu”nun Berlindəki direktoru Aleksandr Qabuev “Financial Times” üçün yazdığı məqaləsində bildirir ki, Putin canlı qüvvəyə güvənərək Ukraynada uzunmüddətli müharibəyə hazırlaşa bilər. Bununla yanaşı, Britaniya kəşfiyyatının məlumatına görə, ruslar müharibədə 200 min hərbçi itiriblər. Siz bu dəyərləndirməyə necə yanaşırsınız? Əgər Rusiya miqyasında götürsək, kritik canlı qüvvə itkisi nədir?

– Putin birmənalı olaraq uzun sürəcək müharibənin hesabını aparır, onun başqa çıxış yolu yoxdur. Bu təbii seçimdir. O, anlayır ki, biz sakitcə öz torpaqlarımızdan çıxmayacağıq, dövlət sərhəddinə çatana kimi döyüşəcəyik. Düşünürəm ki, o,bir neçə il çəkəcək müharibə planlayır. Rusiyanın müdafiə sənayesi bütün gücü ilə ilə işləyir. Sentyabr ayında daha 200-300 min adamın səfərbər olunmasına hazırlıq işləri gedir, artıq qanunverici baza da hazırdır. Bundan sonra hər şey bizim müttəfiqlərimizin köməyindən və Rusiya hərbi hissələrini hansı intensivliklə məhv etməyimizdən asılı olacaq. Rusiyalıların bir ay ərzindən 100 min itki verməsi kritik həddir. Səfərbərlik sistemi üç ay ərzində 150-200 min əsgər verir və bu, Rusiya ordusunu tezliklə döyüşlərə hazırlaya bilməz. Onda biz rusların itkisini artırarıq ki, onlar ordunu qısa müddətdə bərpa edə bilməsinlər. Bax, bu, Rusiya ordusu üçün kritik problem olacaq. İndi biz gün ərzində təxminən 500 rus hərbçisi məhv edirik. Sanitar itkilərini də nəzərə alsaq, bu bir gündə 1500 nəfər edir. Deməli, bu göstəriciləri ən azından iki dəfə çoxaltmaq gərəkdir ki, düşmənin döyüş cərgəsindən çıxdaş olan əsgərlərin sayı gündəlik 3 min nəfərə çatsın. Belə olan halda biz ayda 100 min rəqəminə çata bilərik. Deməli, Ukraynaya yollanılan döyüş texnikasını, mərmiləri və xüsusən də artilleriyanı 2-3 dəfə artırmaq lazımdır.

Məsələ rusiyalıların öldürülməsi deyil. Əsas onlar döyüş meydanına bir daha qayıtmamalıdırlar. Ağır yaralananların sayının artması daha yaxşıdır. Ona görə də qarşıya qoyulan tapşırıq öldürmək yox, ağır yaralamaqdır.

– Siz deyirsiniz ki, Putinin çıxış yolu yoxdur, o, uzun sürən müharibə aparmaq məcburiyyətindədir. Amma bir var istəklər, bir də var imkanlar. Həqiqətən də Rusiya Hərbi Sənaye Kompleksi hərbi relsin üzərinə qoyulub, lakin bununla yanaşı sanksiyalar da var. Ümumiyyətlə, müharibə etmək çox bahalı bir “həzzdir”. Sizcə, Putinin uzun sürən müharibə ideyasını həyata keçirməsinin qarşısını nə ala bilər?

– Məsələ ondadır ki, Rusiya müəyyən sərhədlər daxilində və müəyyən itkilərlə müharibə apara bilər. İl yarım ərzində onlar 200 minə yaxın adam itiriblər və iqtisadiyyat çökməyib. Bu itkilər və hələ üstəlik, müdafiə sənayesinin tam işlək rejimə keçməsi Rusiya iqtisadiyyatı üçün böyük problem deyil. Mən deməzdim ki, Rusiya qaz və neft satışını dayandırıb. Ondan həm qaz, həm də neft alırlar. Enerji daşıyıcılarının qiyməti yüksəldikcə, neft dollarlar da artır. Rusiyada büdcə balansı qorunub, iqtisadiyyat deqradasiyaya uğramayıb. Mən deməzdim ki, sanksiyalar effektlidir. Onlar sektorlar üzrə seçiliblər. Düzdür, iqtisadiyyatı inkişaf etdirmək alınmır, amma belə bir rejimdə onlar sonsuzadək hərəkət edə bilərlər.

Rusiya iqtisadiyyatını tamamilə durdurmaq üçün onu Şimalı Koreya rejiminə keçirmək lazımdır və belə olan təqdirdə Rusiya məhsullarından birdəfəlik imtina oluna bilər. Bunlar güclü sanksiyalardır. Ancaq onlar Qərb iqtisadiyyatına da zərbə vuracaq, belə ki, Qərb də Rusiyadan ucuz məhsul və xammal alır. Amma bu cür sanksiyalara getmək lazımdır, əks halda Avropanın mərkəzində müharibə çox uzun sürəcək. İsrail neçə ildir döyüşür? 75 il. Deməli, bu müharibə ən azı yüz il davam edə bilər. Putin bu zaman artıq üç yüz dəfə öləcək, lakin müharibə hələ də davam edəcək. Əgər bütün dünya hərəkətə keçməzsə, müharibə durmaya bilər. Rusiyanın hərbi zavodlarını, hərbi sənayesini qidalandıran infrastrukturunu məhv etmək lazımdır. Bunun üçün bizə uzaqmənzilli raketlər və müvafiq vasitələr gərəkdir. Yəni, bu, həll olunmalı kompleks işlərdir. İndi qarşıda duran ilk vəzifə Rusiya ordusunu Ukrayna ərazisində məhv etmək, onu ölkədən vurub çıxarmaq, dövlət sərhədinə çatmaq, NATO-ya üz olmaq, ABŞ nüvə silahlarını bizim ərazimizə yerləşdirməklə, nüvə statusu əldə etməkdir. Bunlar döyüş fəaliyyətlərinin intensivliyini azaldacaq, amma onları tam aradan qaldırmayacaq. Düşmənçilik yalnız Rusiya imperiyasının dağılması ilə aradan götürüləcək. Döyüşləri yalnız Rusiya imperiyasının dağılması aradan qaldıracaq. Sovet İttifaqı kimi artıq Rusiya Federasiyası da mövcud olmayacaq. Bax, döyüşlər məhz o zaman tamamilə duracaq.

– Sonuncu sual isə müdafiə qüvvələrimizin ölkəmizin cənubundakı hücumu ilə bağlıdır. Bizim hərbi rəhbərlik öz planlarını elan etməyə tələsmir və düz də edir. Amma Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatına görə, hal-hazırda cənubdakı iki istiqamətdə gərgin döyüşlər gedir. Rusiya Müdafiə Nazirliyi avqustun 1-nə keçən gecə Qara dəniz donanmasına hücum edildiyi barədə məlumat verib. Amma görəsən, bu məlumatlara inanmaq olarmı, bilmirəm. Sizcə, doğrudanmı cənub istiqaməti prioritet kimi seçilə bilər? Əgər həqiqətən də belədirsə, onda bizim müdafiə qüvvələrimizin bu istiqamətdəki perspektivi necədir?

– Artıq ekipajsız katerlərimizin istehsalına başlanılıb, praktik konveyerdədirlər və onlar döyüş növbəsinə buraxılıblar. Bu isə o deməkdir ki, həmin katerlər Rusiya Qara Dəniz Donanmasının gəmilərinə hücum edəcəklər. Və bu artıq baş verir. Əgər bu mənada baxsaq, rusların hücum haqqında verdikləri məlumatlara inanmaq olar. Bu hücum uğurlu və ya uğursuz ola bilər, ancaq bundan sonra hücumlar müntəzəmləşəcək. Qara dəniz akvatoriyasındakı istənilən Rusiya gəmisi daima atəş nəzarətində qalacaq. İndi bu artıq adi haldır. Nəticə haqqında o zaman danışmaq olar ki, düşmən gəmilərindən biri dənizin dibinə getsin. Üzərimizə düşən başlıca vəzifəmiz ərazinin azad olunması və rus ordusunun məhv edilməsidir ki, bunun cənub istiqamətindən həyata keçirilməsi daha yaxşıdır. Bizim qoşunların faktiki arxasında yerləşən Krım qarnizonunu məhv etmək lazımdır ki, biz Donbasla məşğul olanda onlar keçənilki kimi arxamızdan vurmasınlar.

Krım qarnizonunu asanlıqla məhv etməkdən ötrü quru dəhlizi kəsilməldir, yəni Azov dənizi sahilinə çıxılmalıdır. Azov sahillərindən Krım körpüsünü sıradan çıxarmaq üçün bizim “Neptun” kimi öz istehsalımız olan kifayət qədər raketimiz var. Belə bir vəziyyətin yaranması Zaporojye, Xerson və Krımdakı Rusiya qruplaşmalarını operativ mühasirəyə salmaq deməkdir. Onda onları məhv etmək daha asan olacaq. Bu zirvə mərhələsidir. İlk əvvəl arxanın təhlükəsizliyini təmin etməliyik ki, sonra Donbasla rahat məşğul ola bilək. Bunlar paralel həyata keçirilməsi mümkün olmayan iki mərhələdir. Rusları Krımda məhv etmədən, müxtəlif səbəblərə görə onları orada saxlamaqla biz özümüz üçün əsəbi vəziyyət yaradacaq və qüvvələrimizi cəbhə boyu uzatmaqla Donbasla bağlı planlarımızı praktik imkansız edəcəyik. Ona görə də düşünürəm ki, qarşıya qoyulan vəzifələrin bu cür hərəkət ardıcıllığı ilə reallaşması doğrudur.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image