Böyük marketlərdə alıcılar müxtəlif üsullarla aldadılır. Saxta endirim kampaniyaları davamlı olaraq televiziyalarda, radiolarda təbliğ edilir. Alıcılar bir çox hallarda bu saxta reklam çarxlarına aldanaraq tələyə düşürlər.
Dünən sosial şəbəkədə jurnalist Kəmalə Bədəlova alıcı kimi aldadıldığını yazıb. Jurnalist “Megastore” mağazasının yalançı reklam siyasətini sosial şəbəkə hesabında ifşa edib.
Jurnalist yazır:
“Dünən yoldaşımla Bakı-Sumqayıt yolunda Megastore var, ora girdik. İki-üç xırda şey aldıq, kassada 45 manat çıxdı. Aldıqlarıma baxıram, görürəm bu qiymət elə bil çoxdur. Çekə baxan kimi gördüm ki, 400 ml Elidor şampununu 9,99 manata vurublar.
Kassirə deyirəm: “Ay bala, bu şampunun öz qiyməti hər yerdə 6 manatdır, bu nə qiymətdir vurmusunuz?” Deyir: “Bonus kartınız yoxdur, ona görə endirimsiz vurmuşuq”. Dedim: “Nə endirim? Bu şampun hər yerdə 6 manatadır da. Qiyməti qaldırıb, sonra kart bəhanəsi eləyirsiniz”.
Sözümüz çəp gəldi, nə isə, kassada düzəltdilər, guya endirim edib 4 manatımı qaytardılar. Amma nə qədər adam var ki, çekə heç baxmır, ya da “kartı yoxdur” deyib sakitcə o pulu verib çıxır.
Marketə gedəndə çeklərinizə diqqətlə baxın, yoxsa belə-belə adamı aldadırlar”.
Vətəninfo.az olaraq məsələni araşdırmaq üçün “Megastore” ilə əlaqə saxlamaq cəhdlərimiz heç bir nəticə vermədi.
Yəqin ki, aidiyyəti qurumlar, xüsusən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələni diqqətdə saxlayacaq.


























