“SpaceX” şirkətinin rəhbəri İlon Mask Starlink peyk internet sisteminin mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulduğunu, hücum xarakterli hərbi əməliyyatlarda istifadəsinin isə yolverilməz olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Mask bu barədə Ukraynada Starlink terminallarının fəaliyyətinə məhdudiyyətlər qoyulması ilə bağlı yayılan məlumatları şərh edərkən “X” sosial şəbəkəsində paylaşım edib.
O xatırladıb ki, Starlink “SpaceX” şirkəti tərəfindən idarə olunan kommersiya xidmətidir.
İlon Maskın sözlərinə görə, Starshield sistemi isə ABŞ hökumətinə məxsusdur və onun nəzarəti altındadır. Bu sistemin sürətinin məhdudlaşdırılması və istifadə şərtləri ilə bağlı qərarlar hərbi rəhbərlik, son nəticədə isə ABŞ prezidenti tərəfindən qəbul edilir.
“Starlink-dən istifadə mülki və ya müdafiə məqsədləri ilə məhdudlaşır. Sistem hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz, çünki belə istifadə kommersiya şirkəti üçün uyğun olmazdı”, – deyə Mask qeyd edib.
Bundan əvvəl, oktyabrın 14-də Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko “Telegram” kanalında “SpaceX” şirkətinin Starlink terminallarının işləmə sürətini saatda 60–70 kilometrlə məhdudlaşdırdığını iddia edib.
Qeyd edək ki, Starlink Ukrayna ordusunun rabitə və məlumat mübadiləsi imkanlarında mühüm rol oynayır. Sistemin istifadəsinə tətbiq edilən mümkün məhdudiyyətlər Ukraynanın hərbi rabitə imkanlarına təsir göstərə bilər.


























