image-img-20210521-wa0020backend

MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

image-reklam_sirab_01

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Veteninfo.az-a verilən məlumatda deyilir ki, mayın 18-dən 22-dək Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 16-cı iclası keçirilir. Tədbirdə Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai iştirak edirlər.
Mayın 20-də “Ekologiya və ətraf mühitin qorunması sahəsində gənclərin qanunvericilik təşəbbüsləri və ictimai layihələri haqqında” mövzusunda keçirilən iclasda Milli Məclisin deputatı Emin Hacıyev çıxış edib. Millət vəkili ətraf mühitin qorunmasında dövlət tərəfindən görülən işlərdən danışaraq, bu sahədə ictimaiyyətin də rolunun vacib olduğunu qeyd edib. O bildirib ki, ölkəmizdə bu istiqamətdə “Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq” İctimai Birliyi (İDEA) aktiv fəaliyyət göstərir.
Deputat diqqətə çatdırıb ki, son 10 ildə İDEA Azərbaycanda gənclərin ətraf mühitin mühafizəsi tədbirlərinə cəlb olunması ilə bağlı onlarla layihə reallaşdırıb. Təşkilat əhalinin maarifləndirilməsi, vətəndaşların ekoloji problemlər və onların həlli barədə məlumatlandırılması istiqamətində ardıcıl iş görür. Bu İctimai Birlik Azərbaycanın və Qafqaz bölgəsinin su ehtiyatlarının qorunması, ölkədaxili su hövzələrinin bioehtiyatlarının mühafizəsi və bərpası istiqamətində, eləcə də “Qızılağac” dövlət qoruğu və Xəzər dənizi ilə bağlı bir sıra ekoloji layihələr həyata keçirir.
İDEA” İctimai Birliyi Resurs Mərkəzi tərəfindən hər il sentyabrın 25-də “Beynəlxalq Dəniz Günü”nə həsr olunmuş tədbirlər keçirilir, habelə ağac əkmə və makulatura toplama kampaniyaları da təşkil edilir. Qurumun təşəbbüsü ilə “Bizim həyət” adlı layihəyə start verilib. Layihənin əsas məqsədi yaşayış binalarının həyətlərində abadlıq və yenidənqurma işlərinin aparılmasıdır.
Emin Hacıyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, uzun illərdən bəri Azərbaycan gəncliyini narahat edən məsələlərdən biri də ölkəmizin işğal altında olan ərazilərində baş verən ekoloji terror olubdur. Deputat qeyd edib ki, “Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə illər boyu planlı şəkildə yanğınlar törədilib, nadir meşələr doğranıb. Sosial şəbəkələrdə və KİV-də Azərbaycanın Qarabağ bölgəsində meşələrin kütləvi qırılması barədə bir çox kadrlar yerləşdirilib, şahidlərin ifadələri səsləndirilib. Ekoloji vandalizm ötən ilin payızında da baş verib. Belə ki, ölkəmizin Azərbaycan ordusu tərəfindən azad edilmiş bölgələrini tərk edən ermənilər evləri və meşələri yandıraraq buranın flora və faunasına böyük ziyan vurublar.”
Azərbaycanlı deputat ekoloji terrorun digər bir təzahürünə – ermənilərin dəfələrlə Tərtərçay, Xaçınçay, Qarqarçay çaylarına içərisinə əldəqayırma bomba qoyulmuş oyuncaqlar atdıqlarına da diqqət yönəldib. Qeyd edib ki, düşmənin bu sayaq əməlləri çay kənarında oynayan uşaqların həmin oyuncaqları götürərək həlak olmalarına hesablanıb: “Məhz belə bir hadisə 2011-ci il iyulun 14-də Azərbaycanın Tovuz rayonunda baş verib. Rayonun Əlibəyli kəndində yaşayan 13 yaşlı Aygün Şahmalıyeva çaydan bir oyuncaq köpək taparaq onu evə gətirib. Oyun zamanı partlayıcı qurğu işə düşüb. Həmin qız xəstəxanaya aparılarkən yolda vəfat edib. Buna bənzər digər bir hadisə isə 1994-cü ildə baş verib. Oyuncağa quraşdırılmış cihazın partlaması nəticəsində iki azyaşlı uşaq ölüb, üçüncüsü isə yaralanıb. Ümumilikdə, işğal müddətində mina partlaması və atəş açılması nəticəsində onlarla azərbaycanlı uşaq öldürülüb, yüzlərlə uşaq yaralanıb.”
Emin Hacıyev həmkarlarına İDEA İctimai Birliyinin “Azərbaycanın azad edilmiş ərazilərinin ekoloji qiymətləndirilməsində gənclərin iştirakı” layihəsi barədə də məlumat verib. Bildirib ki, fəaliyyət planına əsasən, 30 ilə yaxın erməni işğalı nəticəsində Azərbaycan təbiətinə dəyən zərər araşdırılacaq, torpaqların bərpası sahəsində beynəlxalq təcrübə öyrəniləcək, ekoloji zərərin qiymətləndirilməsi qaydaları hazırlanacaq.
Milli Məclisin deputatı dünya miqyasında ekoloji problemlərin artmasına toxunaraq bu problemlə mübarizədə daha çox səy və resurs tələb olunduğunu qeyd edib. Vurğulayıb ki, “ətraf mühitin səmərəli qorunması üçün planetimizin gələcəyi haqqında düşünən gənc fəallar öz səylərini birləşdirməli, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında effektiv yollar tapmalıdırlar. Eyni zamanda, ekoloji təhdidlər barədə maarifləndirmənin artırılması, gənclərin ekoloji fəallığa cəlb edilməsi, ətraf mühitə qəsdən və ya təsadüf nəticəsində dəymiş ziyanın araşdırılması da mühüm əhəmiyyət kəsb edir. Bölgə ekologiyasının gələcəyi üçün ölkələrimizin birgə məsuliyyət daşıdığını gənc nəsil dərk etməlidir. Təbiətin mühafizəsi sahəsində yalnız birgə fəaliyyət və əməkdaşlıq sayəsində uğurlu nəticələr əldə etmək olar.”
Çıxışının yekununda Emin Hacıyev qeyd edib ki, “ekoloji məsələlərin həlli bizim həyat tərzimizdən də çox asılıdır. Bu baxımdan gənc nəslin üzərinə böyük vəzifələr düşür. Hər bir insan öz davranışına görə cavabdehlik daşıyır.”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki