image-reklam-veteninfo
image-1backend

Moskva Tokionu hədələdi: Bundan əl çəkin…

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yapon jurnalistin saxlanılmasından sonra rəsmi Tokionu Rusiyaya qarşı düşmənçilik addımlarından əl çəkməyə çağırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan açıqlamasında bildirilib.

Məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiri İmai Yukinin Saxalin vilayətində saxlanıldığını açıqlayıb. Yaponiya vətəndaşı olan jurnalist Yaponiyanın xüsusi xidmət orqanlarından birinin tapşırığı ilə casusluq etməkdə şübhəli bilinir.

“Bir daha rəsmi Tokionu ağlını başına toplamağa, Rusiyaya qarşı düşmənçilik addımlarından əl çəkməyə və yanaşmasını dəyişməyə çağırırıq”, – deyə Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Moskva ilə Tokio arasında münasibətlər ümumilikdə pisləşib. O, həmçinin Yaponiyanın yenidən hərbiləşdirilməsi ilə bağlı Rusiyanın narahatlıqlarının Tokio tərəfindən nəzərə alınmadığını iddia edib.

Zaxarova qeyd edib ki, yapon jurnalistin saxlanılması iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb ola bilər.

“Xarici jurnalist statusundan istifadə edərək Rusiyadakı müxbirlər vasitəsilə dövlətimizin təhlükəsizliyinə zərər vura biləcək məlumatların toplanmasına cəhd edilməsi təəssüf doğurur”, – deyə Rusiya XİN-in sözçüsü vurğulayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiasına görə, Saxalində saxlanılan jurnalist Yaponiya kəşfiyyatının tapşırığı ilə Rusiyanın müdafiə qabiliyyəti barədə məlumatlar toplayıb.

Jurnalistə qarşı irəli sürülən şübhələrlə bağlı Yaponiya tərəfinin mövqeyi təqdim olunan məlumatda əksini tapmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki