Moskva yaxınlığında pilotsuz uçuş aparatı yenidən vurulub. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yerli vaxtla saat 10:00-da “təyyarə tipli pilotsuz uçuş aparatı” vurulub.
“Ukraynaya məxsus pilotsuz uçan aparat Moskva vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkar edilib və radioelektron döyüş vasitəsi ilə məhv edilib. İdarəetməni itirən pilotsuz uçuş aparatı Odintsovo rayonunun Pokrovskoe kəndi yaxınlığında düşüb, itki yoxdur”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Daha əvvəl qeyd etmişdik ki, Moskva vilayətinin eyni hissəsində yerləşən Vnukovo hava limanında yenidən “məhdudiyyətlər” qoyulub və bəzi reyslər başqa hava limanlarına yönləndirilib.