NATO əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltməsinə baxmayaraq, Asiya və Sakit okean bölgəsinə də diqqətini artırıb. ABŞ-la yanaşı NATO da Çinin bölgədə artan rolundan narahatdır. Şimali Atlantika Bloku bu məqsədlə Çinin artan gücündən narahat olan Yaponiyaya dəstəyini artırmaq qərarını verib.
Bölgədə Çinə qarşı ABŞ, Avropa İttifaqı və Yaponiya üçbucağı formalaşmaqdadır. Yaponiyanın baş naziri Fusimo Kisido Avroatlantik məkanla birgə Hind-Sakit okean bölgəsi üçün təhlükəsizlik konsepsiyasının reallşmasını zəruri sayır. NATO və Avropa İttifaqı Tokionun konsepsiyasını bəyənib. Tokio bu konsepsiyaya ona görə ehtiyac duyub ki, Pekin Tayvanı Çinə birləşdirərsə, bölgədə durum dəyişəcək və Çinin ətraf ərazilərə, o cümlədən dənizlərə nəzarət imkanları artacaq. Yaponiyanın 2022-ci ildə qəbul etdiyi milli təhlükəsizlik strategiyasında Çinin hərbi fəallığı Yaponiya üçün böyük çağırış kimi qiymətləndirilib. Tokio Pekinin Moskva ilə strateji tərəfdaşlığının artmasından da narahatdır. Yaponiya və Cənubi Koreya AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ ) formatında yer almaq istəyilər. Bundan başqa bölgədə üçlü – ABŞ, Yaponiya, Cənubi Koreya formatı təsis edilib.
Beləliklə, Asiya və Sakit Okean bölgəsində “Asiya NATO”sunun konturları görünməyə başlayıb. Bu təsisat formalaşana qədər Yaponiya NATO ilə strateji tərəfdaşlığı gücləndirəcək. Şimali Atlantika Bloku 16 sahədə Yaponiya əməkdaşlığı genişləndirəcək. NATO bölgə ölkələrindən Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya ilə də individual əməkdaşlıq proqramları qəbul edib. Yaponiya ABŞ və NATO ilə yanaşı Böyük Britaniya ilə də ikitərəfli hərbi əməkdaşlığı genişləndirib, iki ölkə arasında Okinava adası yaxınlığında birgə hərbi təlimlər keçirilib. Vaşinqtonda iyul ayında NATO-nun yaranmasının 75 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək. ABŞ prezidenti Co Baydenin bu tədbirdə Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zellandiya iıə tərəfdaşlığı gücləndirəcək proqramın qəbul ediləcəyini bildirəcəyi gözlənilir.
“Asiya NATO”sunda Hindistanın adı çəkilməsə də, Vaşinqton Dehli ilə strateji tərəfdaşlığı gücləndirməyə çalışır. İki ölkə ticarət və malların tədarükü sahələrində əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaq. Vaşinqton və Dehli faydalı qazıntılar, gömrük və ticarətin asanlaşdırılması, təchizat zəncirləri və yüksək texnologiyalı məhsulların ticarəti sahələrində birgə təşəbbüsləri dəstəkləyəcəklər.
“Atlas” Araşdırmalar Mərkəzi