İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, heç bir şey, o cümlədən beynəlxalq təzyiq İsraili Fələstinin radikal HƏMAS hərəkatı ilə müharibəni dayandırmağa məcbur etməyəcək. Vətəninfo.az -ın məlumatına görə , bu barədə Netanyahu özünün X sosial platformasındakı səhifəsində paylaşdığı videonu əsgərlərlə görüşdə bildirib.
O bəyan edib ki, İsrail HƏMAS məhv edilənə qədər hərbi əməliyyatları davam etdirəcək.
“Bir az əvvəl komandirə dediklərimi çox açıq şəkildə demək istəyirəm: sona qədər davam edəcəyik. Belə bir sual ümumiyyətlə yoxdur. Mən bunu həm də böyük ağrı ilə (həlak olan əsgərlər üçün), həm də beynəlxalq təzyiqlərə baxmayaraq deyirəm. Bizi heç nə dayandıra bilməz, biz qələbəyə qədər sona qədər gedəcəyik”, – BBC Netanyahudan sitat gətirib.
Öz növbəsində İsrailin xarici işlər naziri Eli Koen bəyan edib ki, müharibə “beynəlxalq dəstək olsa da, olmasa da” davam edəcək. BMT Baş Assambleyasının Qəzzada atəşkəs tələbi ilə bağlı qəbul etdiyi qətnaməyə Koen belə cavab verib.
“İndiki mərhələdə atəşkəs HƏMAS terror təşkilatına hədiyyə olacaq və onların geri qayıtmasına imkan verəcək və İsrail xalqını təhdid edəcək.
BMT Baş Assambleyası atəşkəs qətnaməsinin lehinə 153 səs, 10 əleyhinə, 23 bitərəf olmaqla səs verib . Belə ki, noyabrda eyni məsələ ilə bağlı keçirilən səsvermədən sonra 32 ölkə mövqeyini dəyişərək atəşkəs tərəfdarı olan ölkələr siyahısına qoşulub.
ABŞ prezidenti Co Bayden isə öz növbəsində İsrailin Qəzzanın nizamsız bombalanmasına beynəlxalq dəstəyi itirməyə başladığını açıqlayıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Səudiyyə Ərəbistanındakı danışıqlardan sonra Benyamin Netanyahu və hərbi kabinet üzvləri ilə görüşmək üçün dekabrın 14-də İsrailə yola düşəcək. ABŞ rəsmilərinin sözlərinə görə, Sullivan İsraili Qəzzadakı Həmas hədəflərinə daha dəqiq zərbə endirməyə çağıracaq.
Oktyabrın 7-də HƏMAS-ın işğalı nəticəsində İsraildə 1200 nəfər həlak olub, 240 nəfər əsir götürülüb. 7 günlük atəşkəs dövründə girovlardan 100-ə yaxını İsraildə həbsdə olan 240-a yaxın fələstinli ilə dəyişdirilib. Müxtəlif KİV-lərin məlumatına görə, HƏMAS-ın əlində olan girovlardan bəziləri ölüb.


























