image-2d4f5104-8234-4deb-8ca3-02b0a15e38d4backend

“ O yazını ora yazan hansı oğuldur,görəsən?”

image-reklam_sirab_01

Buranı çoxumuz tanıyırıq,yəqin ki. Badamdar ərazisidir…
Riqqətə gəlirəm, düşündükcə; o yazını ora yazan hansı oğuldur,görəsən? Nə düşünüb, nə hisləri yaşayıb, hansı duyğuların hökmü ilə dağın sinəsinə daşlarla naxış çəkib?
Bu gün ölkəmizdə cərəyan edən hamıya bəlli neqativ olayın təsirindəyik. Ölkə olaraq sarsıldıq, pisniyyətin məlum hadisəsindən.
Biz bu deyilik! Bizi əhmədlər təmsil edə bilməz, Poladlar,Mübarizlər, Natiqlər olan yerdə… (Üç nöqtə təmsilin çoxluğudur)
Mənim millətim bununla anılmamalıdır, yazmayın daha, yaymayın daha, üzməyin bizi, üzməyin özünüzü. Olmayaydı kaş, olmamalı idi, yaraşmadı, alışmadıq, yanırıq hələ də. Amma azərbaycanlı olmaq bu deyil, üz qaramızı təmizləməyi də bilirik, yıxıldığımız kimi durmağı da. Ayıbımıza kor olmağı da bilərik, yeri gələrsə. Amma çürük mənəviyyatın ayıbı mənim millətimin deyil, vətənimin deyil, quru divara palçıq yapışmaz!
Bizi 44 günün igidləri ilə anın, bizi əsgəri ilə bir səngərə girən generalı ilə anın. Ən çətin sınaqlarda ailə olan millətdir mənim millətim, ismi lazım olmayanlar bizdən deyil.
Qışın ayazında səngərdə vətənini qoruyanıq, torpaq üçün canından keçənik, yarını, anasını vətənə əmanət edənik. Biz bizimlə qürur duyuruq, varsın vicdanı satılmışlar da olsun, neylər karvana yolundan azmış? Haqq var, hüquq var..Ən əfzəl Allahın sorğu-sualı var.
Bütün dünyaya səs salan dəmir yumruğun xalqını təmsil edəcək minlərlə qürur duyulası övlad var, əyməyin başınızı…
Azərbaycan vətən sevdasını dağlara, daşlara həkk edən oğulların yurdudur, ismi lazımsızların yox!

Gülər Mübariz

 

image-29f2b3d8-28c2-411b-b068-191220564ed6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki