Azərbaycanın ərazi bütövlüyünü təmini və Qarabağ üzərində suverenliyinin bərpası bir qisim ölkənin siyasi dairəsində açıq-aşkar narazılıq yaradıb, bizə qarşı müxtəlif təzyiq alətləri işə düşüb. Ancaq zaman keçdikcə bu təzyiqlər azalacaq və müxtəlif mərkəzlər Qarabağ mövzusunu unudacaq, bizə qarşı “ermənilər geri qaytarılmalıdırlar” kimi mənasını itirən tələb irəli sürməyəcəklər. Misal üçün İkinci Qarabağ müharibəsində Kanada hökuməti Türkiyəyə qarşı silah embarqosu tətbiq etməyə qərar vermişdi. Məqsəd Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları üçün Kanada istehsalı olan komponentlərdən məhrum etmək idi. Düşünürdülər ki, guya Türkiyə bu vəziyyətdə Azərbaycana pilotsuz uçuş aparatları göndərə bilməyəcək. İtirən Kanada oldu. Çünki “Bayraqdar” şirkəti pilotsuz uçuş aparatları üçün həmin komponentləri özü istehsal etdi.
Budur, Kanada hökuməti İkinci Qarabağ müharibəsindən ötən 3 il 2 aydan sonra Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib. Əlbəttə, bunun səbəblərindən biri Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyü nə dair protokolu ratifikasiya etməsidir. Kanada şirkətləri hökumətinin məntiqsiz embarqo qərarına görə, 250-300 milyon dollar arasında ziyana düşüblər. Embarqonun ləğvinin digər səbəbi isə odur ki, Qarabağ mövzusu artıq Kanada üçün aktual deyil və bu ölkə erməni separatizminə görə Türkiyə ilə münasibətləri gərgin saxlamaq istəmir. Bir müddət sonra Kanada Azərbaycana qarşı siyasətini də korrektə edəcək. Ümumiyyətlə zaman keçdikcə bir sıra ölkənin və mərkəzin erməni separatizminə görə anti-Azərbaycan mövqeyindən çıxış etməyə bəhanəsi qalmayacaq.
Elxan Şahinoğlu