image-1backend

ONUNLA ARAMA KİMSƏ GİRƏMƏZ- İbrahim Nəbioğlu YAZIR

image-reklam_sirab_01

Nüfuzlu “Financial Times” qəzetindən Janan Qaneş (Ganesh) köşəsində yazıb ki, onun kitab oxumaq haqda “qızıl qaydası” var – o, müasir kitabları oxumur.
Qaneşin tezisləri qısa şəkildə belədir:

–Çap maşınının yaranmasından indiyədək 120 milyondan çox unikal əsər çap olunub. Bu gün yazılan əsərlərin bizim məhdud vaxtımıza layiq olma şansı nə qədərdir?

–Əgər bir roman dəyərlidirsə bir neçə onillikdən sonra o əsər yenə dəyərli olaraq qalacaq. Əks təqdirdə zamanın “süzgəc effekti” kamil mexanizm olmasa da o romanı gözümüzdən uzaqlaşdıracaq;

–Kralın dequstatoru məsəlində olduğu kimi ilk dadan, yəni oxuyan biz olmayaq, qoy bunu başqaları etsin.

*
Qaneşin yanaşmasına siz nə deyirsiz, bilmirəm.
Ancaq hər nə qədər “Financial Times” kimi əfsanə bir yayın orqanının köşə yazarı da olsa onun kitab seçməklə bağlı fikirləri mənə məqbul deyil.

Hər şeydən əvvəl ona görə ki, ruhu tənbəldir Janan Qaneşin – yazar ona maraqlı olacaq ədəbiyyat tapmağa çalışmır, başqasına, məsələn, hansısa bir ədəbiyyat tənqidçisinə, naşirə və ya kitab mağazasınıa buraxır seçimini.

İkincisi, kitab almaq kitabı əlinə alıb onun qoxusunu içinə çəkmək, üz qabığını sığallamaq, səhifələri vərəqləmək, mündərəcata baxmaq, tanış olmaq üşün ilk addımı atmaq, onunla maraqlandığını göstərmək və nəhayət qadının qulağına sevdiyini fısıldar kimi nəhayi addımı atmaq kimi bir şeydir…Qaneş özünü bu özəl təmasdan, yaxınlaşmadan məhrum edib.

Oxucu kitab zövqünü özünü formalaşdırır, seçimini özü sevir, ehtiyacını “aclıq-toxluq” durumuna görə qarşılayır. Kimsə mənim “özəlimə” qarışa bilməz, kimsə gəlib deyə bilməz ki, onu oxuma, bunu seç. İstəyir məndən daha az mütaliəli olsun, istərsə də çox – “Üçüncü artıqdır”…

Kitabla arama kimsə girəməz!

İbrahim Nəbioğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image