image-64e5bf5365d6064e5bf5365d61169277832364e5bf5365d5e64e5bf5365d5fbackend

Övlad üçün arvadına xəyanət etdi, təyyarədə sevgi yaşadı – “Sarı gəlin” aşiqi Toto

image-reklam_sirab_01

Bu gün bütün dünyada musiqisevərləri birləşdirən bir hüzn var. Əfsanəvi müğənni və bəstəkar Toto Kutunyo dünən əbədiyyətə qovuşdu. Milyonların qəlbini gözəl əsərləri və ifası ilə fəth etmiş əsl ulduz idi Toto.

Bütün dünyada Toto kimi tanınsa da əsl adı Salvatore idi. Anası uşaq vaxtı onu əzizləyərək belə çağırardı, o da bu şirin adı ömrünün sonuna qədər qorumağa qərar vermişdi. Salvatore Kutunyo 1943-cü il iyulun 7-də Toskanada kiçik bir kənddə, çoxuşaqlı ailədə doğulmuşdu. Atası hərbi dənizçi işləyirdi. Toto gözəl boru çalan atasına baxa-baxa musiqini sevib. Dünyanı melodiyaları ilə fəth edən bu adamın əslində musiqi təhsili yox idi. O bütün alətlərdə çalmağı da, notları da özü öyrənmişdi. Ali təhsilini iqtisadiyyat üzrə almışdı, mühasib idi, amma bir gün də olsa bu peşədə işləmədi. İlk bəstəsini 14 yaşında olarkən sevdiyi qıza həsr edib.

19 yaşına qədər Kutunyo yerli musiqi qruplarında zərb alətlərində ifa edib. Sonralar Toto “Toto e Tati”, “Albatros” adlı qruplar yaradıb. Dünyanın ən məşhur musiqiçiləri üçün əsərlər bəstələyən Toto özü də oxumağa başlayır və böyük uğurlar qazanır.

1980-ci ildə Toto Kutunyo “Solo noi” mahnısı ilə San-Remo festivalının qalibi olub. Bu qələbədən bir neçə həftə sonra Toto “Francesca non sa” mahnısı ilə Tokio beynəlxalq musiqi festivalında birinci yeri tutmuşdu.

Toto Kutunyo 1983-cü ildə San-Remo festivalında “L’italiano” mahnısı ilə iştirak edib. Bu mahnı bu günə qədər müğənninin ən çox tanınan mahnısıdır. Mahnı rəsmən beşinci yeri tutub. Lakin xalq səsverməsində mahnı müsabiqənin qalibi olub. Həmin gün aktyor insanların tələbi ilə eyni mahnını düz 13 dəfə təkrar oxumalı olur.

1984-cü ildə Toto San-Remo festivalında “Serenata” mahnısı ilə çıxış edir və bütün dünyada bu mahnının milyonlarla plastinkaları satılır. Yeri gəlmişkən Toto plastinkaları kolleksiya edirdi və 50-ci illərdən bu yana qədər evində 3,5 min plastinka toplayıb.

1990-cı ildə Toto Kutunyo “Insieme: 1992” mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində iştirak edib və bu müsabiqənin qalibi olub.

Onun əsərlərini Co Dassen, Mirey Matye, Çelentano, Dalida, Con Hollidey sevərək oxuyurdular. Ceyms Last, Pol Moria kimi maestrolar öz orkestrləri ilə birlikdə Kutunyonun əsərlərini məmnuniyyətlə ifa edirdilər. Fəaliyyəti yalnız bəstəkarlıqla və müğənniliklə məhdudlaşmayıb. 1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında “Sizin faktlar” proqramının aparıcı olub.

Müğənni dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda konsert verib.

2013-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Baku Crystal Hall”da Toto Kutunyo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etmişdi. “Sarı gəlin”i çox sevərmiş və bu əsərin yazıldığı bir plastinkanı da kolleksiyasında saxlayırmış.

Şəxsi həyatı

Qadınların sevimlisi olan Toto etiraf edirdi ki, gözəl xanımlardan ilham alır Müsahibələrindən birində “kişilər qadınların əlində balaca küçük kimi” olurlar demişdi. 1970-ci ildə o qastrol səfəri zamanı Karla adlı qıza aşiq olur. Sonradan bilir ki, Karla italiyalı milyonçunun qızıdır. Ailə onların evlənməsini istəməsə də cütlük əngəlləri aşır və ailə qurur. Toto çoxlu övladlarının olmasını istəyirdi. Karla əkiz uşaqlara hamilə olsa da, onları dünyaya gətirə bilmədi. Həkimlər bir daha ana ola bilməyəcəyini söylədilər. Toto isə uşaq arzusunda idi. Xanımını incitmədən qayğı ilə əhatə edən Toto bir də 50 yaşına çatanda istəyinə nail olur. Təyyarədə gözəl stüardessa Kristina Lança aşiq olan ulduz elə göylərdəcə sevgi romanı yaşayır. Ondan bir uşaq istədiyini deyir. 1989-cu ildə onun Kristinadan Niko adlı oğlu doğulur. O Nikonu pəncərəyə düşən gün işığı adlandırır, özüylə səfərlərə aparırdı. Toto oğlunun olması barədə Karlaya çox sonra məlumat verir.

“Mən sənə övladım olsun deyə xəyanət etdim, uşaq mənim ən böyük arzum idi” deyir. Karla bu barədə xəbər tutanda çox üzülsə də, ərinin ürəyinin yalnız ona məxsus olmamasına alışdı və tezliklə Nikonu öz oğlu kimi qəbul etdi. O ərəfələrdə onkoloji xəstəlikdən əziyyət çəkən Totoya dəstək oldu, sevgisi ilə ağır xəstəliyə qalib gəlməyə kömək etdi. Toto isə son konsertində ömür boyu yalnız bir qadını- arvadını sevdiyini dedi.

Totoya dünya şöhrəti qazandırmış “L’italiano” mahnısı əslində Çelentano üçün yazılmışdı. Amma Çelentano nədənsə bu əsəri qəbul etməmiş, sonrada çox peşman olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Toto Çelentanonun oğlu ilə də konsertlər verib.

Toto ömrünün son illərini Portofino şəhərində ailəsi ilə birlikdə keçirib.

1 ay öncə 80 yaşını qeyd etmiş unudulmaz Toto Kutunyo Milanda San Raffaele xəstəxanasında uzun sürən xəstəlikdən sonra dünən, avqustun 22-də vəfat etdi.

İtaliya öz milli sərvətini, dünya isə möcüzələr yaratmış musiqiçini itirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki