image-1backend

Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edilib – FOTOLAR

image-reklam_sirab_01

Sentyabrın 18-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir təşkil edilib.

Tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor – müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk öncə iştirakçılar foyedə Azərbaycan musiqisinə həsr edilmiş “Milli musiqimiz” adlı fotosərgi, kitab stendi və Azərbaycan musiqi alətlərindən ibarət kompozisiya ilə tanış olublar.

Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev açaraq bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. Milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. O deyib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb.

N.Əlimirzəyev bildirib ki, 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü elan edilib. Bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də dost ölkəyə dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın xalq artisti adına layiq görülüblər.

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq son zamanlarda bu əlaqələrin daha da möhkəmləndiyini və xüsusilə mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolunun olduğunu bildirib.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.

Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-cı ildə lentə alınmış “Arşın mal alan” filminin, Heydər Əliyev Fondunun layihəsi ilə rəngləndirilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindin özbək dilində subtitr əlavə olunmuş versiyası tamaşaçılara təqdim olunub.

Müsahibə

1. Erkin Nuriddinov – Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor;
Azərbaycan xalqının nümayəndəsi 1908-ci ildə ilk olaraq “Leyli və Məcnun” operasını səhnələşdirmişdir. O gündən Azərbaycanın professional musiqisinin yaranmasına səbəb oldu. Onu da ayrıca qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 18 sentyabr Azərbaycan Milli Musiqi Günü kimi qeyd edilmişdi. O ildən başlayaraq, hər ilin 18 sentyabr günü Milli Musiqi Günü kimi qeyd olunur. Eləcə də, bu Opera yaralmasının 100-cu ildönümü münasibətilə 2008-ci ildə UNESCO-nun da qərarı qəbul olundu və o ildən başlayaraq bu əlamətdar gün dünya miqyasında, eləcə də Özbəkistanda da qeyd olunur.

2. Gülçehra Qaniyeva – Özbəkistanın “EMU University” müəlliməsi
Bugün biz Azərbaycan Mədəniyyət Mərkəzində sərgidə nümayiş olunan kitablar, fotolara baxaraq və azərbaycanlı dostların bizə verdikləri məlumata görə Azərbaycan haqqında çox şeylər öyrəndik. Qardaş Azərbaycan xalqı, milli mədəniyyəti haqqında biz çox gözəl məlumatları əldə etmək imkanına malik olduq. Bununla yanaşı, bizi bir-birindən maraqlı, əsrarəngiz rəqslərin tamaşasına və Şərqdə ilk opera yazan dahi bəstəkar Üzeyir Hacıbəylinin operettası əsasında çəkilən çox məşhur “Arşın mal alan” filminin tamaşasına da dəvət etdilər. Mən yenə dəmək istəyirdim ki, qardaş Azərbaycan xalqı ilə bizim dostluğumuza heç vaxt göz dəyməsin və bizim bugünkü dostluğumuz əbədi olsun, davamlı olsun.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image