Artıq dördüncü ildir ki, Fransa rəsmiləri ədalətsiz bəyanatları və qərəzli qətnamələri ilə bu sualın ictimai gündəmdən düşməsinə imkan vermir. Təəssüf ki, Vətən müharibəsinin elə ilk günlərində Prezident Makronun “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüququ heçə sayan bəyanatının ardınca Fransa Senatının və Milli Assambleyasının ard-arda qəbul etdiyi eyni ruhlu qətnamələr bu ölkənin tərəfsiz vasitəçi olmadığını və ola bilməyəcəyini üzə çıxardı. Fransa Senatının ölkəmizin ərazi bütövlüyünü və suveren hüquqlarını növbəti dəfə şübhə altına alan 17 yanvar tarixli qətnaməsi bir daha təsdiq etdi ki, Azərbaycan Fransanın vasitəçilik səylərindən imtina etməkdə, cəmiyyətimiz isə ona inanmamaqda tamamilə haqlıdır. Son dörd ildə Fransa hökumətinin yüksək səviyyəli rəsmiləri əsassız bəyanatları, deputatları isə beynəlxalq hüquqa zidd olan qərəzli qətnamələri ilə hər şeyi etdilər ki, Fransanın işğalçı Ermənistanın və məlum “arxivə” gömdüyümüz qondarma separatçı rejimin tərəfini tutduğunu Azərbaycanda heç kim unutmasın. Bəs, Paris bütün bunları niyə edir və rəsmi Bakıdan nə istəyir?
Bu sualla bağlı cəmiyyətimizdə çoxlu fərziyyələr və mülahizələr mövcuddur. Amma ortaq rəy ondan ibarətdir ki, Fransanın Azərbaycana qarşı hazırkı siyasəti açıq-aşkar qərəzlidir. Bir çoxları bunu yalnız erməni təəssübkeşliyi ilə əlaqələndirir. Fransanın ölkəmizə qarşı qərəzli olması şübhəsizdir, bu cür qərəzli münasibətə ənənəvi erməni təəssübkeşliyinin təsiri də kifayət qədər yüksəkdir. Bununla yanaşı, o da diqqətdən qaçmamalıdır ki, hazırkı Fransa hökuməti geosiyasi maraqlarını Cənubi Qafqazda təmin etmək üçün erməni təəssübkeşliyi amilindən də, elə Ermənistanın özündən də bir alət, siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu siyasətin arxasında ənənəvi erməni təəssübkeşliyindən, bəzən dövlət maraqlarından da daha çox Fransadakı məlum siyasətçilərin konyuktur maraqları və süni şəkildə şişirdilən siyasi ambisiyaları dayanır. Eyni qərəzi Avropa Parlamenti kimi beynəlxalq təşkilatların ölkəmizə qarşı qəbul etdiyi qətnamələrdə də görürük. Böyük dövlətlərin təsiri altında olan və əsasən onların iradəsi ilə hərəkət edən bu cür təşkilatlar öz qətnamələrini demokratiya, insan haqları, dini etiqad azadlığı kimi dəyərlərlə nə qədər pərdələməyə çalışsalar da, onların qərəzli münasibətini görməmək mümkün deyil. Bu qətnamələrin hər birində Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasına yönəlmiş bütün addımları ya qəbuledilməz hesab olunur, ya da məqsədli şəkildə onlara kölgə salınır. Çünki həmin qətnamələri qəbul edənlər beynəlxalq hüququ və ədalət prinsipini deyil, Azərbaycana gəldikdə, böyük güclərin maraqlarını, bəzi Avropa liderlərinin diktəsini əsas tuturlar. Selektiv yanaşma və ikili standartlar siyasəti də elə bundan qaynaqlanır.
Cəmiyyətimizdə başqa bir sual da müzakirə mövzusudur: 28 illik vasitəçilik dövründə erməni təəssübkeşliyini bəzən uğurlu, bəzən isə uğursuz şəkildə gizlətməyə müvəffəq olan Fransa, siyasi-hərbi müstəvidə Ermənistanın yanında olduğunu indi niyə gizlətmir və ya gizlətmək istəmir? Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu sualın ən dolğun və həqiqətə söykənən izahını verdi. Çünki üzdə olanlarla yanaşı, bağlı qapılar arxasında baş tutan danışıqlardan ən çox məlumatlı olan şəxs dövlətimizin başçısıdır. Prezident müsahibədə bunları dedi: “Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi… Öz ölkəsində və beynəlxalq arenada beynəlxalq nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar-populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”.
Təəssüf ki, Fransanın bugünkü siyasi elitası Cənubi Qafqaz reallığına beynəlxalq hüquq və tarixi ədalət prizmasından baxmaq istəmir. Sanki onlar arzuladıqlarını görmək üçün “əyri güzgünün” axtarışına çıxıblar. Amma nədənsə unudurlar ki, bu cür güzgülər həqiqəti həmişə təhrif edir və gerçəyi belə güzgüdə axtaran yalnız özü-özünü aldadır. Nəticədə dövlət etibarını, siyasətçi isə reputasiyasını itirir. Ona görə də belələrinə Linkolnun bu müdrik kəlamını xatırlatmaq tam yerinə düşür: “Hamını bəzən aldatmaq olar. Bəzilərini həmişə aldatmaq olar. Amma hamını həmişə aldatmaq mümkün deyil”. Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Fransa münasibətlərinin gələcəyi ilə bağlı mövqeyini də səmimi şəkildə ifadə etdi: “Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər”.
Ətraflı
Təəssüf ki, Fransanın hazırkı rəhbərliyi dövlətlərarası münasibətlərimizə və uzun illər ərzində qarşılıqlı şəkildə faydalı olmuş əməkdaşlığımıza dəyər vermədi, əsassız bəyanatları və qərəzli qətnamələri ilə onlara zərbə vurdu. Amma bu, həmişə belə olmayacaq. Ona görə ki, V Respublikada Cənubi Qafqaz reallığını təhrif etmək istəməyən, beynəlxalq hüququ və tarixi ədaləti konyuktur maraqlardan, bəzilərinin aşırı ambisiyalarından üstün tutan siyasi nəsil də mövcuddur. Gec-tez onlar da öz sözünü deyəcək və Fransa cəmiyyəti də əmin olacaq ki, başqalarının ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaq, yaxud separatizmi dəstəkləmək nə zamansa bumeranq effekti də verə bilər. Deyilənlərə görə, Fransada 600 mindən çox erməni əsilli vətəndaş yaşayır. Onlar nə vaxtsa Lionu, Marseli və ya başqa bir şəhəri, tarixi vərdişlərinə uyğun olaraq, özlərinin ikinci erməni dövləti elan etsələr, qoy, yerli əhali təəccüblənməsin. Fransanın bugünkü siyasi elitasına isə vaxtilə A.Qriboyedovun Rusiya imperatoruna yazdığı məktubundan bu hissəni xatırlatmaq istərdim: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”. Əndazəni aşan erməni sevdasına və təəssübkeşliyinə görə həqiqətləri görmək istəməyən, onları təhrif etməyə çalışan Fransanın indiki siyasi elitası rus diplomatının yazdıqlarına inanmaq istəməsələr, yaxşı olardı ki, həmyerliləri, məşhur səyyah qraf De-Şolyenin yazıb qoyduqlarına diqqət yetirsinlər: ”Ermənilərin haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim”.
Fransanın ölkəmizə qarşı qərəzli qətnamələrinə və ədalətsiz bəyanatlarına baxmayaraq, Azərbaycanda heç kim istəməz ki, bizim Ermənistandan çəkdiklərimizi başqa xalqlar, o cümlədən fransızlar da yaşasın. Amma nə edək ki, həyatda bumeranq gerçəkliyi də mövcuddur və bunu unutmaq olmaz.
Ülvi Quliyev Milli Məclisin deputatı