Böyük güclərin toqquşan maraqları səbəbindən bu gün bir çox ölkənin mürəkkəb çağırışlarla üz-üzə qaldıqları müasir dünyamızda Azərbaycan bütün çətinliklərə baxmayaraq, strateji inkişaf yoluna davam edir, qazandığı nailiyyətləri möhkəmləndirərək onların sırasını daha da genişləndirir. Hazırda ən mühüm çağırışlarından biri də hərbi-siyasi münaqişələrlə yanaşı, eyni zamanda xalqlar, mədəniyyətlər, dinlər arasında dərinləşən fərqli baxışlar mühitidir. Qloballaşma sürətlənərək genişləndikcə insanlıq üçün əsas sualın aktuallığı da artır: fərqliliklər yeni qarşıdurmaların mənbəyidir, yoxsa onlar dialoq və əməkdaşlıq üçün zəmin yaradacaq mühüm amildir?
Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” tarixi əhəmiyyət daşıyır. Sözügedən mükafat təkcə Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ali qiymət deyil, eyni zamanda ölkəmizin son illər yürütdüyü sülh, dialoq və humanizm siyasətinə beynəlxalq səviyyədə dəstəyin təzahürüdür.
Şeyx Zayed Fondunun mükafatı Prezident İlham Əliyevin ardıcıl şəkildə formalaşdıraraq həyata keçirdiyi sülh gündəliyinin artıq regional çərçivələri aşaraq qlobal mənəvi platformaya çevrildiyini nümayiş etdirir.
Qeyd edilməlidir ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.
Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.
Vətən müharibəsindəki tarixi qələbəmizdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionumuzda dayanıqlı sülhün əldə olunması, qarşılıqlı əməkdaşlıq və inkişaf mühitinin təmin edilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətində əsas istiqamətlərdən biri kimi nəzərə çarpır. Azərbaycan 30 ilə yaxın davam edən işğal dövrünə ordumuzun gücü ilə son qoyaraq münaqişə tərəfi Ermənistanın kapitulyasiyasına, torpaqlarımızın azadlığına nail olduqdan sonra cənab İlham Əliyevin praktiki addımlarında intiqam hissi, ağrı-acılı keçmişimiz yox, məhz aydın gələcək, sabitlik, regionumuzun təhlükəsizliyi əsas yer tutmağa başladı. Çünki tarixi Zəfərimiz Azərbaycanın üzərinə həm də tarixi bir missiya qoymuşdu: bu qələbənin yaratdığı reallıqlara daha ali hisslərlə, daha strateji baxışla nəzər salmaq, onu revanş vasitəsi kimi yox, regionun xoşbəxt gələcəyi üçün mühüm bir fürsət kimi dəyərləndirmək. Prezident İlham Əliyev tarixi Zəfərimizlə yaratdığımız reallıqlara məhz belə yanaşdı, ilk gündən bəyan etdi ki, Azərbaycanın məqsədi regionda dayanıqlı sülhün təmin olunmasıdır.
Əsrlərin təcrübəsi göstərir ki, müharibəni udmaq hələ tam qələbə deyil, əsl qələbə əlverişli şərtlərlə sülhün əldə olunması ilə təsdiqlənir. Çünki müharibədə silahlar danışırsa, sülhdə iradə, siyasi müdriklik və lider məsuliyyəti öz sözünü deyir. Bu mənada müasir Azərbaycan tarixinin əsas həqiqətlərindən biri aydındır: müharibədə qalib gələn tərəf sülhdə də qalibdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, müharibədən sonrakı mürəkkəb geosiyasi mərhələdə də öz qələbəsini qorumağı və onu siyasi nəticəyə çevirməyi bacardı.
Postmünaqişə dövrünün ən mühüm nəticələrindən biri Azərbaycanın proseslərin obyektinə deyil, subyektinə çevrilməsi oldu. Regionda baş verən hadisələrin dəyərləndirilməsi rəsmi Bakının mövqeyi nəzərə alınmadan mümkünsüz hala gəldi. Sülh gündəliyinin məzmununu məhz Azərbaycan müəyyənləşdirdi, əsas şərtləri Azərbaycan irəli sürdü, vaxt çərçivəsini Azərbaycan formalaşdırdı.
Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar uzun və mürəkkəb prosesin məntiqi yekunu kimi tarixə düşdü. Bu mərhələ faktiki olaraq münaqişə səhifəsinin bağlanması, keçmişin deyil, gələcəyin gündəliyinə keçid demək idi. Vaşinqtonda – Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında sülh sazişinin paraflanması, bu görüşdə verilən tarixi qərarlar bir daha göstərdi ki, sülh yalnız kənar vasitəçilərin deyil, güclü siyasi iradəyə malik liderlərin iştirakı ilə mümkün olur. Bu, Prezident İlham Əliyevin sülh strategiyasının beynəlxalq müstəvidə də qəbul edildiyini təsdiqlədi.
Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən məqamlar Ermənistanın konstitusiyasından çıxarılan kimi artıq yekun sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq. Vaşinqton görüşündən sonra regionda kommunikasiyaların açılması istiqamətində də ardıcıl işlər gedir, regional iqtisadi inteqrasiya çağırışları əməli nəticələrdə özünü göstərir. Artıq Azərbaycan öz ərazisindən Ermənistana taxıl məhsullarının tranzitinə şərait yaradıb. Həmçinin Azərbaycanın neft məhsullarının ilk partiyaları Ermənistana göndərilib. Ən mühümü, təmas xəttində atəş səsləri eşidilmir. Bütün bunlar Prezident İlham Əliyevin sülh gündəliyinin ilkin mühüm nailiyyətləridir. Məhz bu siyasət nəticəsində Azərbaycan təkcə hərbi və siyasi güc deyil, məsuliyyətli qalib dövlət modeli ilə təqdim olunur. Regionun təhlükəsizliyinə, gələcək inkişafına görə böyük bir missiyanı üzərinə götürmüş lider ölkə kimi öz missiyasını şərəflə yerinə yetirir.
Azərbaycan ilk növbədə multikultural və dini tolerantlıq modelini qoruyur, münaqişədən sonra Qarabağda, Şərqi Zəngəzurda bərpa və reinteqrasiya proseslərini ardıcıl şəkildə davam etdirir.
Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun Azərbaycan Prezidentinə təqdim etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” isə ölkəmizin sülh təşəbbüslərinin legitimliyini artırır, cənab İlham Əliyevin regional liderlik statusunu daha da möhkəmləndirir, ölkəmizin beynəlxalq humanitar imicinə yeni məzmun qazandırır, dövlətimizin islam dünyası ilə mənəvi bağlarını gücləndirir.
Bu mükafat gücə yox, məsuliyyətə, emosional qərarlara yox, müdrikliyə, müharibəyə yox, sülhə verilən beynəlxalq qiymətdir. Ona görə də bu mükafat son dərəcə dəyərlidir və mühüm tarixi əhəmiyyət daşıyır.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


























