image-9backend

“PAŞİNYANIN ÇIXIŞ YOLU QALMAYIB…” – “Azərbaycan Rusiya ordusunu da Qarabağdan çıxaracaq”

image-reklam_sirab_01

“Bağlı qapılar arxasında ciddi dialoq gedir”

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar yekun mərhələdədir. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici mediaya bildirib ki, iyunun 1-də Kişniyovda keçiriləcək Avropa Birliyinin siyasi sammitində liderlər sülh müqaviləsinə imza ata bilərlər.

Qafqaz üzrə ekspert, hərbi-siyasi məsələlər üzrə analitik Mixail Şereşevski Rusiya mediasına müsahibəsində mövcud durumu və perspektivi dəyərləndirib.

“AzPolitika.info” onun müsahibəsini ixtisarla oxuculara təqdim edir:

– Həm Bakı, həm də İrəvan bir-birinin ərazi bütövlüyünü tanımağa razılıq verməklə özləri üçün nə əldə etdilər?

– Bu, əlbəttə Ermənistanla Azərbaycan arasındakı gərgin münasibətlərdə irəliyə doğru sıçrayışdır. Düzdür, hər iki ölkənin ərazisinin bəzi kiçik əraziləri ilə bağlı hələ də mübahisələr var. Amma əsas məsələyə gəlincə, Paşinyan və Əliyevin açıqlamalarından belə başa düşülür ki, Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması ilə razılaşıblar. İndi Ermənistanda bu reallığı qəbul ediblər. İlk baxışdan belə görünür ki, 1980-ci illərin sonlarından bu yana iki ölkəni bir-birinə düşmən edən gərgin mübahisə həll olunub. Amma təəssüf ki, reallıqda bu tam doğru deyil və qarşıda mürəkkəb və birmənalı olmayan proseslər gedir.

– Söhbət hansı proseslərdən gedir?

– Qarabağ hazırda iki qüvvənin – Azərbaycana qarşı separatçı yerli erməni silahlı birləşmələrinin və Rusiya hərbi sülhməramlılarının nəzarəti altındadır. Təxminən 5000-ə yaxın yüngül silahlanmış erməni silahlı dəstəsi və bir neçə min rus əsgəri ən müasir ağır silahlara malik olan 50 minlik Azərbaycan korpusunun əhatəsindədir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri dominant yüksəkliklərə nəzarət edir. Doğrudur, Ermənistan rəhbərliyi Qarabağın Azərbaycanın bir hissəsiolması ilə razılaşdı. Amma yerli separatçıların öz planları var və onlar hazırda heç yerə getmirlər. Rus qoşunları da oradan çıxmır. Onlar 2025-ci ilə kimi Qarabağdadırlar. Nə qədər ki, Azərbaycan qoşunları ora girməyib, vəziyyət belə qalacaq. Bakının isə Rusiya ilə münaqişəyə girməyə ehtiyacı yoxdur.

– Belə olan halda Azərbaycan rəhbərliyi nəyə ümid edir?

– Birincisi, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması qərarı Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra Azərbaycan Ordusunun təzyiqi ilə qəbul edilib. Azərbaycan vaxtaşırı Ermənistanla mübahisəli əraziləri öz nəzarəti altına alaraq irəliləyir. Sonda İrəvan təzyiqlərə tab gətirə bilmədi və razılaşdı. Deməli, indi Bakı bu qərarı öz ictimai rəyinə qələbə kimi təqdim edə bilər.

İkincisi, Rusiya qoşunları yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanla razılaşma əsasında 2025-ci ilə qədər Qarabağdadır. Axı bura Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ola bilsin, vaxtı gələndə Bakı deyəcək: “Əziz qonaqlar, hər şeyə görə təşəkkür edirik, amma sizin evə getmək vaxtınızdır”.

– Bəs onda rus qoşunları gedəcək?

– Bakıda belə düşünürlər hə, çox güman ki, gedəcəklər. Unutmayaq ki, Azərbaycan Türkiyənin ən yaxın tərəfdaşı və hərbi müttəfiqidir. Deməli, Moskvanın Bakı və Ankara ilə iqtisadi və müəyyən qədər siyasi əlaqələri güclənir. Başqa bir şeyi də unutmayaq: Rusiya beynəlxalq sanksiyalar altındadır. Lakin nə Türkiyə, nə də Azərbaycan onlara qoşulmadı. Bu isə Moskva üçün böyük əhəmiyyət kəsb edir. Vaxt var idi, Rusiyada Türkiyə ilə ticarət dövriyyəsini ildə 20-30 milyard dollardan 100 milyard dollara çatdırmaq istədiklərini deyirdilər. O zaman çoxları bunu eşidib gülümsəyirdi. Amma son bir ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi, bəzi mənbələrə görə, 60 milyard dollara qədər artıb. Rusiya Türkiyəyə böyük həcmdə karbohidrogen ixrac edir və bu ölkəni ucuz enerji resursları ilə təmin edir. Bu, Türkiyənin böyük qaz mərkəzinə çevrilməsinə kömək edir. Eyni zamanda, Moskva Akkuyu atom elektrik stansiyasının tikintisinə 25 milyard dollara qədər sərmayə qoyub, yəni bu tikintini özü maliyyələşdirir. Baş verənlər Türkiyə üçün inanılmaz dərəcədə faydalıdır – amma Rusiya şirkətləri də Türkiyəyə pul köçürəndə bundan faydalanır. Bu ölkə Rusiya kapitalı üçün təhlükəsiz limana çevrilir. Avropada onları sanksiyalarla hədələyirlər, Türkiyədə isə yox.

Bu səbəblərə görə Kreml Zəngəzur bölgəsindən, Ermənistanın cənubundan dəhliz yaradılmasının tərəfdarıdır. Paşinyan buna görə dünən Putinlə az qala dalaşdı. Sözügedən dəhliz materik Azərbaycanı Naxçıvanla, oradan da birbaşa Türkiyə ilə birləşdirəcək. Orada Türkiyəyə, o cümlədən Rusiyaya əlavə ticarət yolu yaranarsa, bu, həm Azərbaycan, həm də Moskva üçün böyük əhəmiyyət kəsb edir.

Belə görünür ki, Rusiya Ermənistanın müttəfiqidir. Bəli, bu fikir doğrudur, amma Rusiya müəyyən dərəcədə Türkiyə və Azərbaycanın da müttəfiqidir. Moskva üçün Türkiyə ilə əlaqələri önəmlidir. Üstəlik, bu əlaqələrin əhəmiyyəti artır. Bu isə o deməkdir ki, Moskvaya Bakı ilə konfliktə getmək sərfəli deyil. Ona görə də Azərbaycan rəhbərliyi Moskvanın (bir-iki ildən sonra Rusiya iqtisadiyyatının və xarici siyasətinin mümkün vəziyyətini nəzərə alaraq) 2025-ci ildə azərbaycanlıların Qarabağa girməsinin qarşısını almaqda maraqlı olmayacağına ümid edir. Vurğulayıram ki, bunlar Bakının hesablamalarıdır.

– Bəs Qarabağda qalan ermənilərin gələcək taleyi necə olacaq?

– Paşinyan bəyan edib ki, Ermənistan Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq bir şərtlə ki, erməni əhalisinin təhlükəsizliyi təmin olunsun. Bakı da öz növbəsində Qarabağ ermənilərinə Azərbaycanın bütün vətəndaşları kimi, onların hüquqlarına hörmətlə yanaşacağını deyir.

Bağlı qapılar arxasında ciddi dialoq gedir. Çox güman, İrəvanın qərarını dəstəkləyən Brüssel və Vaşinqton Qarabağda qalan ermənilərinin hüquqları ilə bağlı Bakıdan müəyyən təminatlar tələb edir. Hər halda onların Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı bu məsələni qaldırmağa cəhd etməyəcəklərini təsəvvür etmək mənim üçün çətindir.

– Bəs Ermənistandaəhali və siyasi qüvvələr Baş nazir Paşinyanın belə bir qərarını nə dərəcədə qəbul edəcəklər? Orada yenidən etirazlar başlayacaq, yoxsa yox?

– Mütləq etirazlar olacaq, burada yeganə sual etirazlara qatılacaq insanların radikallıq dərəcəsidir. Məsələn, bu yaxınlarda Paşinyanın oğlunu oğurlamaq cəhdi olub – buna 44 günlük müharibə zamanı həlak olmuş erməni hərbçilərinin yaxınları cəhd ediblər. Bu gün baş verənlərin Ermənistanda necə qəbul edildiyini təsəvvür etmək üçün bilmək lazımdır ki, Birinci Qarabağ Müharibəsində (1992-1994) qələbə və Qarabağın Azərbaycandan qoparılması ölkədə siyasi sistemin əsas dayağına çevrilmişdi. Bu hadisələr Ermənistan Respublikasının milli ideologiyasının əsasında dayanırdı. Amma 2020-ci ildə baş verən 44 günlük müharibədə məğlubiyyət, daha sonra isə Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa razılaşması Ermənistan əhalisinin müəyyən hissəsi üçün fəlakət deməkdir.

– Paşinyanı devirməkdə maraqlı olan qüvvələr Ermənistanda hakimiyyəti ələ keçirsə, nə baş verəcək? Yeni qüvvələr bütün razılaşmaları ləğv edəcək?

– Birmənalı şəkildə bu seçimə gedilə bilməz. Çünki bu addım böyük ehtimalla Ermənistanla Azərbaycan arasında yeni genişmiqyaslı müharibəyə gətirib çıxaracaq. Bakının hərbi potensialı hətta 44 günlük müharibə zamanı malik olduğu ilə müqayisədə xeyli artıb, çünki Türkiyə və İsrail sözün əsl mənasında onu ən müasir, dəqiq silah növləri ilə doldurublar. Yaxın gələcəkdə orada Amerikanın F-16-ları da peyda olacaq. Buna rəğmən, İrəvan sonuncu məğlubiyyətdən sonra silahlı qüvvələrini bərpa edə bilməyib. Ermənistan ordusu 2020-ci ildə tanklarının təxminən yarısını və çoxlu sayda digər texnikasını itirib. Bundan sonra Ermənistan, çox güman ki, yenidən danışıqlar masası arxasına keçəcək, lakin onun üçün durum indikindən daha pis olacaq.

– Bu gün başqa ölkələr Ermənistanı nə dərəcədə dəstəkləyir? Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanınması onun üçün şübhəsiz ki, çətin idi. Başqa seçim yox idi?

-Sualınızda elə cavabın özü var. Əgər onun alternativi olsaydı, şübhəsiz ki, siyasi karyerasını məhv edə biləcək qərarlar verməzdi. Yuxarıda Rusiyanın mövqeyindən danışdıq. Bakının Zəngəzur dəhlizini güc yolu ilə ələ keçirəcəyini dediyi zamanlarda İran bir müddət Azərbaycanı müharibə ilə hədələdi. Tehran rəqabətdə olduğu Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqının güclənməsindən çox qorxur. Bundan başqa, İran Bakının İsraillə əlaqələrindən qıcıqlanıb. Yəqin, İrəvan hesab edirdi ki, Tehran Ermənistan dövlətinin maraqlarını qoruya biləcək kifayət qədər gücə sahib etibarlı tərəfdaş deyil.

Qərbə gəlincə, ABŞ-da, xüsusən də Fransada Ermənistana müəyyən rəğbət var. Bu, nüfuzlu erməni icması, Ermənistanın hakimiyyətindəki təmsilçilərin demokratik imicə malik olması və bəzi digər amillərlə bağlıdır. Bu yaxınlarda Nikol Paşinyan dedi ki, Ermənistan nə qədər KTMT-nin üzvüdür, yəni Rusiya ilə müttəfiq ölkədir, Qərb ona silah verməyə belə hazır deyil. Qərbin nöqteyi-nəzərindən Ermənistanla Rusiya arasında əməkdaşlıq təhlükəlidir. Əlbəttə, ABŞ-ın Azərbaycana da müəyyən rəğbəti var. Bütün tənqidlərinə baxmayaraq, Paşinyan KTMT-dən ayrılıb Rusiya ilə münasibətləri pozmağa cəsarət etmir. Axı bu, Rusiyanın regionda təhlükəsizlik maraqlarına zərbə hesab oluna bilər. Bəs onda Qarabağın aqibəti necə olacaq? Moskva İrəvanla düşmənçilik edəcəkmi? Ermənistanın onsuz da kifayət qədər düşməni yoxdurmu? Bir sözlə, Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması onun başqa çıxış yolunun qalmaması deməkdir. Dünyanın siyasi xəritəsində Qarabağın İrəvan təsir dairəsində qalmasını istəyən heç bir ölkə yoxdur.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image