“Fevralın 14-də Cənab Prezidentin andiçmə mərasimi keçirildi. İnaqurasiyadan öncə isə iki əsas məsələ daha qabarıq özünü göstərdi”.
Bunu açıqlamasında Prezident İlham Əliyevin inaqurasiya mərasimindən sonra çıxışına münasibət bildirən yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib:
“Birincisi, fevralın 9-da İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldu və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izlədi. İkincisi isə Azərbaycanla Ermənistanın şərti sərhədində bizim əsgərimizin yaralanması idi ki, buna da dərhal “Qisas” əməliyyatı ilə cavab verildi. Yəni cənab Prezidentin də dediyi kimi, Azərbaycan yeni hədəfinə sakit girmədi. Yeni Prezident seçkiləri, yeni dövr sakit daxil olmadı. Yeni geosiyasi dönəmdə, dünyanın geosiyasi baxımından sülhə yaxın olmaq məsələsində (Münhen konfransında razılaşdırmışdılar – Y.O.), bizim əsgərin yaralanması sülhü pozdu. Çoxları qeyd edir ki, bunu guya Rusiya edib, yarısı deyir Qərbi günahlandırır. Amma elə hər ikisi edib, heç biri istəmir ki, Güney Qafqazda sülh olsun. Rusiya istəyir bölgə onun təsiri altında olsun və mən deyim ki, o terrorçu təşkilat da Rusiyaya bağlı təşkilatdır. Maraqlı bir tərəfi də odur ki, həmin ərazilərdə- Qafan ərazisində Qərbin “binokl diplomatiyası”, missiyası var və onlar guya binokl ilə sərhədləri izləyirlər. Hər ikisinin əli var, amma fakt odur ki, nə Rusiya, nə də Qərb Güney Qafqazda sülh istəmir. Amma Azərbaycan bunların təsiri altına düşmür və Prezidentin də dediyi kimi, biz özümüz vasitəçisiz sülh sazişi bağlamağa hazırıq”.