“Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir”. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu fikirləri Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır.
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi və eyni zamanda partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub.
Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar xalqımızın seçimində yanılmadığını təsdiqləyir. Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.
Azərbaycan dövlətinin daxili və xarici siyasəti sahələrində qazandığı uğurları və 30 illik torpaq həsrətimizə son qoyulması görülən işlərin, əldə olunan uğurların aydın mənzərəsini yaradır. Prezident qətiyyəti, rəşadətli ordu, xalq birliyi, ən əsası torpaq, Vətən sevgisi 30 ilin işğalına 44 gündə son qoyulması xalqımızın Ali Baş Komandanın “Hücum!” əmrini səbirsizliklə gözlədiyinin təsdiqinə çevrildi.
Dövlət başçımızın bildirdiyi kimi, müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırıqdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru