image-reklam-veteninfo
image-1backend

Qarabağ üsyanı – Azərbaycan xalqının istiqlal mübarizəsinin şanlı səhifəsi

image-reklam-veteninfo

1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra ölkənin müxtəlif bölgələrində sovet hakimiyyətinə qarşı güclü xalq müqaviməti hərəkatları baş qaldırdı. Bu üsyanlardan ən genişmiqyaslı və əhəmiyyətlilərindən biri 1920-ci il mayın 29-dan iyunun 13-dək davam edən Qarabağ üsyanı olmuşdur.

Üsyanın əsas təşkilatçıları və rəhbərləri Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi qulluqçuları idi. Bununla yanaşı, partizan və qaçaq dəstələri, eləcə də Qarabağ əhalisi üsyanda fəal iştirak edirdi.

Üsyana hazırlığın həlledici mərhələsi 1920-ci ilin may ayının sonlarında başa çatdı. Gəncə üsyanının başlaması xəbəri alındıqdan sonra Cəbrayıl ətrafında milli qüvvələrin toplantısı keçirildi və burada üsyanın mayın 29-dan 30-na keçən gecə başlanması qərara alındı.

Hazırlıq dövründə Cəbrayıl qəzasında 20-yə yaxın könüllü silahlı dəstə yaradılmışdı. Tofiq bəyin rəhbərlik etdiyi dəstələrdən biri mayın 29-da Yolçu məntəqəsində yerləşən bolşevik postuna hücum etdi. Mayın 30-da isə bolşevik hakimiyyət orqanlarının nümayəndələri həbs olundu və qəzada idarəçilik milli qüvvələrin əlinə keçdi.

1920-ci il iyunun 3-dən 4-nə keçən gecə Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru Paşa və polkovnik Zeynalov milli qüvvələrlə birləşərək sovet hakimiyyətinin yerli nümayəndələrini həbs etdilər. Ertəsi gün Qarabağda sovet hakimiyyətinin devrildiyi elan olundu. Polkovnik Zeynalov Qarabağdakı milli hərbi qüvvələrin ümumi komandanı təyin edildi.

İyunun 5-də Xankəndi və Ağdam da sovet hərbi qüvvələrindən təmizləndi. Qırmızı Ordu hissələri geri çəkilərək Bərdədə, Tərtər çayının sol sahilində mövqe tutdular. Bölgə əhalisi sovet işğalına qarşı başlanan üsyanı böyük rəğbətlə qarşıladı.

Qarabağ üsyanı əhatə dairəsinə görə olduqca geniş idi. Üsyan nəticəsində Azərbaycanın böyük bir hissəsi sovet-bolşevik qüvvələrinin nəzarətindən çıxmışdı və bu, yeni qurulan sovet hakimiyyətinin dayaqlarına ciddi təhlükə yaradırdı. Məhz buna görə də həm 11-ci Qırmızı Ordu komandanlığı, həm də Azərbaycanın sovet hakimiyyət orqanları üsyanın yatırılması üçün təcili tədbirlər gördülər.

Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi və Azərbaycan İnqilab Komitəsi Çingiz İldırım və Dadaş Bünyadzadənin rəhbərliyi ilə Qarabağa partiya fəallarından ibarət xüsusi qrup göndərdi. Eyni zamanda, 11-ci Qırmızı Ordunun komandanı Levandovski də bölgəyə gəldi. Qarabağ üsyanının yatırılması məqsədilə 11-ci Qırmızı Ordunun səhra qərargahı və Hərbi İnqilab Şurasının birgə iclası keçirildi.

1920-ci il iyunun 9-da 11-ci Qırmızı Ordunun komandanlığı üsyanın yatırılması barədə xüsusi əmr verdi. Əmrə əsasən, Qarabağı bolşeviklərdən təmizləmiş milli qüvvələrə qarşı genişmiqyaslı hərbi əməliyyat planlaşdırılmışdı. Əsas zərbənin 32-ci atıcı diviziya tərəfindən endirilməsi nəzərdə tutulurdu. Bunun üçün 20-ci atıcı diviziyanın bir briqadası, zirehli avtomobillər və müsəlman fəhlə dəstələri həmin diviziyanın tabeliyinə verilmişdi. Bundan əlavə, 18-ci süvari diviziyası və hərbi təyyarələr də əməliyyata cəlb olunmuşdu.

Milli qüvvələr də işğalçılarla döyüşə ciddi hazırlaşırdılar. Polkovnik Sofıyevin komandanlığı altında fəaliyyət göstərən 1-ci Tatar süvari alayı, Cavanşir piyada alayının bölmələri, topçu hissələri və digər qüvvələr Tərtər çayının sağ sahilində müdafiə mövqeləri tutmuşdular.

1920-ci il iyunun 10-da Qırmızı Ordu bütün cəbhə boyu hücuma keçdi. Say və hərbi texnika baxımından böyük üstünlüyə malik olan bolşevik qüvvələrinə qarşı üsyançılar qəhrəmanlıqla müqavimət göstərsələr də, onların irəliləyişini dayandıra bilmədilər. Toplar, zirehli avtomobillər və hərbi təyyarələrlə dəstəklənən sovet qoşunları tədricən üstünlük qazandılar.

İyunun 11-də Tərtər, Bərdə və Ağdam 11-ci Qırmızı Ordunun nəzarətinə keçdi. İyunun 13-də isə Şuşa müdafiəçilərinin müqaviməti qırıldı və şəhərdə sovet hakimiyyəti bərpa olundu. Bundan sonra sovet qoşunları Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan və digər bölgələrdə də üsyançı qüvvələri geri çəkilməyə məcbur etdilər.

Üsyanın yatırılmasından sonra bolşevik qüvvələri Qarabağ və ətraf ərazilərdə geniş repressiyalar və kütləvi cəza tədbirləri həyata keçirdilər.

Qarabağ üsyanı Azərbaycan xalqının sovet-bolşevik işğalına qarşı apardığı istiqlal mübarizəsinin ən şərəfli və qəhrəmanlıq dolu səhifələrindən biri kimi tarixə düşdü.

Qoşqar Salmanlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki