Slovakiyada məktəblərdən birində şagirdin bıçaqlı hücumu nəticəsində sinif yoldaşı və iki müəllim yaralanıb.
Vətəninfo.az xəbər verir ki, hadisə Slovakiyanın kəndlərindən birində baş verib. Bıçaqla silahlanan şagird sinif yoldaşına və iki müəllimə hücum edərək onları bıçaqlayıb.
Məlumata görə, yaralanan müəllimlərdən biri ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb. Hadisə zamanı müəllimlərdən birinin öldüyü barədə də məlumat yayılıb. Bu məlumatın rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyi hələlik açıqlanmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Slovakiyanın daxili işlər naziri, təhsil naziri və baş prokuror da hadisə yerinə gəlib.
Hücumda şübhəli bilinən şəxsin həmin məktəbin səkkizinci sinfində oxuyan şagird olduğu və nənəsinin himayəsində yaşadığı bildirilir.
Hadisənin səbəbləri və hücumun digər təfərrüatları ilə bağlı araşdırma aparılır.


























