Rusiya NATO-nun Kalininqrad vilayətini təcrid etməyə və blokadaya almağa cəhd edəcəyi təqdirdə, nüvə silahından istifadə edə bilər.
Bu barədə Rusiyanın İrlandiyadakı səfirliyinin açıqlamasında bildirilib.
Diplomatik nümayəndəlikdən qeyd olunub ki, NATO Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınmasına cəhd göstərə bilər. Səfirlik bu baxımdan Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” (“Galantny Vepr-2026”) hərbi təlimlərinə diqqət çəkib.
Açıqlamada iddia olunub ki, təlimlər xüsusi olaraq Rusiyanın Kalininqrad anklavına qarşı yönəlib və bölgənin dəniz və hava blokadasına hazırlıq xarakteri daşıyır.
Rusiya səfirliyi bildirib ki, belə bir ssenari baş verərsə, Moskva öz ərazisini müdafiə etmək üçün “nüvə silahları da daxil olmaqla bütün arsenalından” istifadə edə bilər.
Qeyd edək ki, Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrı yerləşən eksklavdır və Baltik dənizi ilə yanaşı, NATO üzvü olan Polşa və Litva ilə həmsərhəddir.


























