Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Tennessi ştatında təxminən 200 ildən sonra ilk dəfə qadın məhbusun edamı həyata keçiriləcək.
50 yaşlı Krista Paykın ölüm hökmünün sentyabrın 30-da icra olunması planlaşdırılır. Bu, ştat tarixində son 200 il ərzində qadın barəsində həyata keçiriləcək ilk edam olacaq.
Payk 1995-ci ildə 19 yaşlı sinif yoldaşı Kolin Slemmerin qətlində təqsirli bilinib. Prokurorluğun məlumatına görə, hadisə qısqanclıq zəminində baş verib. Payk Slemmerin onun dostuna rəqib ola biləcəyindən şübhələnərək onu təcrid olunmuş əraziyə aparıb. Daha sonra ona dostu ilə birlikdə işgəncə verərək öldürüblər.
Qətlin xüsusilə ağır təfərrüatları, hadisə zamanı iştirakçıların yaşının az olması və qurbanın bədəninə şeytani simvolun həkk edilməsi işi ABŞ-da geniş ictimai rezonansa səbəb olub.
Cinayət zamanı 17 yaşında olan Paykın dostu Tederil Şipp isə ömürlük həbs cəzasına məhkum edilib.
Payk cinayətdəki iştirakını inkar etməsə də, onun vəkilləri ölüm hökmünün icrasına etiraz edirlər. Müdafiə tərəfi bildirir ki, Payk cinayət zamanı yetkinlik yaşına çatmayıb, müalicə olunmamış psixi problemlərdən əziyyət çəkib və uşaqlıq illərində ağır cinsi istismar və laqeydliklə üzləşib.
Digər tərəfdən, qətlə yetirilən Slemmerin anasının ölüm hökmünün ölümcül inyeksiya yolu ilə icra edilməsini istədiyi bildirilir.
Tennessi qubernatoru Bill Li isə Paykın əfv olunması ilə bağlı müraciəti təmin etməyəcəyini açıqlayıb.
Paykın vəkilləri son olaraq ABŞ Ali Məhkəməsinə müraciət edərək onun travmatik keçmişini əsas gətirib edamın dayandırılmasını istəyiblər.
Hazırda gözlər sentyabrın 30-na çevrilib. Əgər məhkəmə edamın qarşısını almasa, Krista Payk Tennessi ştatında təxminən iki əsrdən sonra edam edilən ilk qadın olacaq.


























