Azərbaycan futbolunun köklü klublarından olan “Turan Tovuz” ilə Türkiyə nəhəngi “Fənərbaxça” arasında oktyabrın 3-də Bakıda keçiriləcək yoldaşlıq oyununun gəlirinin Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi açıqlandı. 32 ildən sonra baş tutacaq bu matç, şübhəsiz ki, böyük maraq doğurur və idmanın xeyirxah missiyasını nümayiş etdirir. Lakin bu təşəbbüsdə cəmiyyətimizi və haqlı olaraq medianı düşündürən, cavabını axtaran kifayət qədər ciddi suallar və haqlı tənqidi məqamlar var.
Məlumdur ki, Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarımızın- kəndlərimizin və şəhərlərimizin bərpası, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi üçün ildə milyardlarla manat vəsait ayırır. Ölkənin maliyyə-iqtisadi resursları hesabına Qarabağda nəhəng infrastruktur layihələri uğurla icra olunur, yollar, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir. Bu istiqamətdə dövlətin iradəsi və gücü tamamilə yetərlidir. Bəs elə isə, cəmiyyətin diqqətini məhz daha həssas və birbaşa insan faktoruna yönəltmək necə, daha məntiqli olmazdımı?
Şəhid ailələrimizin və qazilərimizin sosial rifahına, sağlamlığına və gündəlik ehtiyaclarına xidmət edən “YAŞAT” Fondunun rəsmi hesabatlarına nəzər salaq. Fond təsis edildiyi gündən (2020-ci il dekabr) 2025-ci ilin son rübünə qədər ümumilikdə 95 milyon 151 min 480 manat vəsait toplayıb.
Göründüyü kimi, fonda toplanan vəsaitlərin 93,6 milyon manatdan çoxu birbaşa şəhid ailələrinin və yaralıların tibbi xərcləri, məişət şəraitinin yaxşılaşdırılması, təhsil və digər sosial ehtiyaclarına sərf olunub. Lakin son illərdə, xüsusilə 2024-2025-ci illərdən bu yana cəmiyyət tərəfindən bu istiqamətə yönəldilən maliyyə axını əvvəlki templə deyil və böyük məbləğlərlə ölçülmür. Həftə içi müxtəlif sağlamlıq problemləri ilə üzləşən, əməliyyata ehtiyacı olan qazilərimizin və diqqətə hədsiz ehtiyacı olan şəhid övladlarının sayı azalmır.
Əgər məqsəd doğrudan da xeyirxahlıq və ən vacib yaraya məlhəm olmaqdısa, “Turan Tovuz” PFK rəhbərliyi, xüsusilə də cənab Ehtiram Quliyev bu tarixi oyundan əldə olunacaq gəliri “ASAN xidmət” mərkəzlərinin dəstəyi ilə fəaliyyət göstərən və birbaşa qazilərə, şəhid ailələrinə xidmət edən “YAŞAT” Fonduna və ya həmin təyinatlı qurumlara yönəldə bilərdi. Bu, həm cəmiyyətin bu gün daha çox ehtiyac duyduğu sosial həssaslığa real töhfə olar, həm də köməyə ehtiyacı olan fərdlərin əlini gücləndirərdi.
“Turan Tovuz” və “Fənərbaxça” kimi iki böyük camiənin matçından böyük maliyyə vəsaitinin əldə olunacağı şübhəsizdir. Lakin bu vəsaitin hara yönəldilməsi cəmiyyətin gözləntilərinə adekvat olmalıdır. Şəhidlərimizin qanı bahasına azad edilən torpaqların dirçəlişini dövlətimiz qətiyyətlə və təkbaşına həyata keçirirsə, o torpaqlar uğrunda canını, sağlamlığını fəda edənlərin ailələrinə və qazilərimizə cəmiyyətin hər bir üzvünün mənəvi borcu var.
Ümid edirik ki, cənab Ehtiram Quliyev başda olmaqla “Turan Tovuz” PFK rəhbərliyi bu haqlı ictimai reaksiyanı və tənqidi çağırışı nəzərə alaraq, xalqın birliyini təmin edən bu cür nəcib addımlarda hədəf seçimi zamanı sosial ədaləti və insan faktorunu hər zaman birinci planda tutacaq. Qaziyə və şəhid ailəsinə edilən dəstək heç vaxt ikinci dərəcəli ola bilməz!
Vətəninfo.az


























