İranın Gürcüstandakı səfiri Əli Mojaninin sosial şəbəkədə etdiyi paylaşım Gürcüstanda siyasi və diplomatik narazılığa səbəb olub.
Vətəninfo.az xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya edilmiş Gürcüstanın tarixi kraliçası Ketevanın görüntüsünü Facebook hesabında paylaşıb. Mojani paylaşımında Ketevanla bağlı apardığı ilkin tədqiqatın nəticələrini yaxın zamanda təqdim edəcəyini bildirib.
Səfirin bu paylaşımı Gürcüstan parlamentində etirazla qarşılanıb.
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İran diplomatını diplomatik protokol çərçivəsində fəaliyyət göstərməyə çağırıb.
Samxaradze bildirib ki, İran səfirinin tarixi məsələlərlə bağlı mübahisəli açıqlamalar verməsi ilk hal deyil.
“Gürcüstan və İranın bir vaxtlar yaxşı münasibətləri olmayıb. İki ölkənin çətin tarixi var və bu, hər bir gürcü üçün həssas məsələdir. Ona diplomatik protokol çərçivəsində qalmağı və tarixi sapmalara getməməyi məsləhət görürəm. Çünki bu, onun işi deyil”, – deyə komitə sədri vurğulayıb.
Samxaradze əlavə edib ki, iki ölkə arasında normal münasibətlərin qorunması baxımından bu cür addımlardan çəkinmək lazımdır.
Onun sözlərinə görə, məsələ Gürcüstanın xarici işlər naziri ölkəyə qayıtdıqdan sonra onunla müzakirə olunacaq.
Hakim partiyanın deputatları Kadagişvili və Quduşauri də İran səfirinin bu addımını tənqid edərək, onun diplomatik səlahiyyətlərini aşdığını bildiriblər.


























