image-1backend

Qarabağ və Şərqi Zəngəzurda böyük suvarma layihələri nəzərdə tutulur

image-reklam_sirab_01

Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Buna əsas verən iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən addımları sırasındadır. Yeni neft strategiyasının uğurları hazırda Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında, infrastrtuktur layihələrinin uğurlu icrasında özünün aydın ifadəsini tapır. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması, normal iqtisadi mühitin yaradılması böyük investisiyalar məkanına çevrilməsini şərtləndirdi.
Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlərin miqyası genişdir. Prezidentin Fərman və sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında «Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək» söyləyərək belə bir əminliyi də ifadə etmişdir ki, biz üç ildən sonra – uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.
Prezident İlham Əliyev sözügedən çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. «Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən aqroparkın fəaliyyəti ilə tanış olmuşam. Mənə məlumat verildi ki, burada 4 mindən çox hektarda taxıl əkini aparılmışdır və məhsuldarlıq hər hektardan buğda üzrə 7 tona yaxın olmuşdur. İndi müqayisə üçün deyim ki, ölkəmizdə orta məhsuldarlıq hər hektardan 3 tondan bir qədər çoxdur. Burada – Hacıqabulda heç vaxt o sahələrdə əkin aparılmamışdır – nə sovet vaxtında, nə müstəqillik dövründə. Çünki su yox idi və torpaq da o qədər münbit deyil. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, texnika, dövlətin dəstəyi, özəl sektorun fəaliyyəti – bütün bu amillər birləşəndə, bax, biz bu nəticəni görürük –Hacıqabulda hər hektardan 7 ton» söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, biz hələ idxaldan asılıyıq. Əgər bu texnologiyalar təkcə Şirvan kanalı boyunca, ərazilərdə tətbiq olunsa, onda idxaldan asılılığı böyük dərəcədə azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə bəlkə də nə vaxtsa idxaldan, ümumiyyətlə, imtina edəcəyik.
Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə həm taxılçılıq, həm də meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz böyük investisiya imkanlarına malikdir. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur investisiyalar məkanına çevriləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.
Son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə böyük kömək göstərəcək.

Vahid İsmayılov: Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki