image-reklam-veteninfo
image-absbackend

Qərb şəbəkəsinin son 3 il ərzində qabarıq şəkildə nəzərəçarpan fəaliyyəti

image-reklam-veteninfo

Hazırda Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının araşdırma obyekti olan Qərb şəbəkəsinin son 3 il ərzində qabarıq şəkildə nəzərəçarpan fəaliyyət istiqamətlərindən biri Ermənistanın Paşinyan hökumətini törətdiyi hərbi cinayətlərdən sığortalamaq, yayındırmaq və bu məqsədlə də Azərbaycan ictimai rəyini müxtəlif dezinformasiyalarla Rusiya əleyhinə kökləmək, antirus nifrətini körükləmək, sürətlə yaxınlaşan Rusiya-Azərbaycan-Türkiyə münasibətlərini pozmaq olub.

2022-ci ilin fevralında Rusiya-Ukrayna savaşı başladıqdan sonra isə bu iş daha açıq və sistemli xarakter alıb, Rusiya əleyhinə ikinci cəbhənin Cənubi Qafqazdan açılması məqsədiylə hər üç Cənubi Qafqaz respublikasında, xüsusilə də Azərbaycanda geniş informasiya-təbliğat işi aparılıb, ictimai rəy fiqurları və mexanizmləri vasitəsi ilə kütləvi şəkildə dezinformasiyalar yayılıb.

Şübhəsiz ki, bu fəaliyyətlər “ödənişsiz” olmayıb. Digər ölkələrdə olduğu kimi, bizdə də bu informasiya-təbliğat işlərinə həm rəsmi, həm də qeyri-rəsmi qaydada külli miqdarda maliyyə vəsaitləri sərf edilib.

Təkcə ABŞ prezidenti Baydenin təşəbbüsüylə 2021-ci ilin dekabrında çağrılan və KTMT üzvü Ermənistanın dəvət edildiyi, NATO üzvü Türkiyə və Macarıstanın isə kənarda qoyulduğu “Demokratiya Sammiti”ndən sonra “Rusiya əleyhinə təbliğata və demokratikləşmə proseslərinə dəstək” adı altında Qərbdən ayrılan maliyyə vəsaitlərinin ölkəmizdə hansı təşkilatlara və necə çatdırılmasının, ictimai rəyi yönləndirmək üçün internet televiziyalarından, onların şərh bölmələrindən və sosial şəbəkələrdən necə yararlanıldığının, kimlərin bu işlərə cəlb edildiyinin sonadək araşdırılması yetər ki, bu yöndə kifayət qədər dəlil-sübutlar toplanılsın!

Hazırda şəbəkənin araşdırılmasının dayandırılması üçün ABŞ və Avropadan ən yüksək səviyyədə Azərbaycan hakimiyyətinə çox böyük basqılar, təzyiqlər və təkliflər olsa da, hökumət qətiyyən geri çəkilməməli, hələlik Qərb şəbəkəsinin ən kiçik təbliğat resursları üzərindən başladığı əməliyyatları yarımçıq saxlamamalı və bu prosesi dərinləşdirərək, “partiya”, “media”, “QHT”, “ekspert” çətiri altında gizlənmişlərdən tutmuş ta üzüyuxarı – hökumətin öz içərisinədək davam etdirməlidir!

Çünki bu, hər şeydən öncə, bir milli təhlükəsizlik, milli qürur və şərəf məsələsi olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatını və əxlaqi-mənəvi mühitini hədəf seçmiş 30 illik antimilli şəbəkənin də aşkarlanıb üzə çıxarılması, ifşası və çökdürülməsi demək olacaq!

44 günlük Vətən savaşı və bu savaşdan ötən 3 il müddətindəki davranışlar artıq hər kəsi tanıdıb: kim dövlətinin, xalqının yanındadır, kim qarşısında, hamısı üzə çıxıb! Sadəcə, böyük bir ifşa və “təmizləmə işi” aparılmalıdır ki, ölkənin gələcək siyasi kursuna da içdən maneələr törədilməsin!

Qoy, cəmiyyətimiz görsün və anlasın ki, son 3 ildə – düşmənimiz Ermənistanı məğlub edib, Paşinyanı sülh masasına bizim şərtlərimizlə əyləşməyə məcbur etdiyimiz bir vaxtda kimlər “demokratiya carçıları” adı altında ölkənin içərisindən fitnə çıxarmağa və ermənilərə təbliğat xidməti göstərməklə nəfəs verməyə, yardım etməyə çalışıblar?!

Qoy, cəmiyyətimiz görsün və anlasın ki, evini, ailəsini, özünü idarə edə bilməyən məişət pozğunları, geni, zatı qarışıqlar, kökü ən müxtəlif millətlərin qarışığından ibarət olanlar niyə son 3 ildə “Rusiyaya savaş açan qəhrəmanlar” və “türkçü-turançı” rolunda ölkəmizin informasiya-təbliğat məkanının “əsas simaları”na çevriliblər və məhz onların murdar ağızlarıyla milli marqlarımıza zidd, ermənilərin əlini gücləndirəcək dezinformasiyalar tirajlanıb?!

Şübhəsiz ki, həm Paşinyan hakimiyyətinin törətdiyi hərbi cinayətlərin açılmasında və onunla eyni mərkəzə bağlı olan ölkəmizdəki Qərb şəbəkəsinin ifşasında hazırda Azərbaycanın əlində olan terrorçu-separatçıların liderlərinin ifadələri hədsiz dərəcədə qiymətlidir. Bu səbəbdən, onların əlimizdə olma müddətinin hər anını fürsət bilməli, ifadələrini təkrar-təkrar yoxlamalı və sonra da 3 il ərzində Azərbaycanda müəyyən çevrələrin apardığı təbliğatla tutuşdurmalıyıq ki, bu antimilli şəbəkənin bütün ayaqları və dayaqları ifşa edilsin, cəmiyyətimiz onların gerçək mahiyyətini anlasın!

Bu gerçəyi heç unutmamalıyıq ki, Azərbaycanın 2020-ci ilin savaşından sonra təklif etdiyi “3+3” formatı yeni geopolitik paradiqma olmaqla yanaşı, Qərbin son 30 il boyunca Cənubi Qafqazda həyata keçirdiyi strategiyaya da qarşıdır və əgər bu mərhələdə Qərbin ölkəmizdəki şəbəkəsi çökdürülməsə, gələcəkdə onların vasitəsi ilə bizə xeyli problemlər yaradılacaq.

image-fb_img_1701611889340

Elxan Şükürlü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki