Son günlər müxtəlif sosial şəbəkə platformalarında Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi Ramin Əhmədova qarşı qarayaxma kampaniyası aparılır. Qondarma səhifələrdə tirajlanan həmin materiallarda iş adamı biznesini inkişaf etdirməkdə “qınanılır”, barəsində heç bir əsası olmayan iddialar irəli sürülür.
Sual oluna bilər ki, heç bir rəsmi vəzifəsi olmayan, biznesini şəffaf şəkildə, ölkə qanunları çərçivəsində genişləndirən bir adama qarşı kampaniyanın məqsədi nədir?
Zənnimizcə, bu suala cavab tapmaq o qədər də çətin deyil. Görünür, bəzilərinin bayramqabağı ehtiyacları yarandığından, iyrənc yollarla bu ehtiyacı təmin etməyə çalışırlar.
Məsələ ilə bağlı Ramin Əhmədovun özünün də fikirlərini öyrənmişik.
O qeyd edib ki, sözügedən kampaniyanı gülüşlə qarşılayır:
“Bizim gizli, qaranlıq fəaliyyətimiz yoxdur ki, belə oyunbazlıqlardan çəkinək. Nəyimiz varsa, göz önündədir. Qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərir, yeni iş yerləri yaradır və sosial məsuliyyətimizdən irəli gələn humanitar layihələr həyata keçiririk. Təminatlı həyat tərzinə malik olduğumuzu da gizlətmirik. Bir iş adamını bahalı evdə yaşadığına, bahalı maşın sürdüyünə görə qınamaq məncə axmaqlıqdır. Dövlət məmuru deyilik, xalqın, dövlətin vəsaitləri ilə yaxından-uzaqdan əlaqəmiz yoxdur. Min bir əziyyətlə, necə deyərlər, alın tərimizlə iş qurmuşuq və təbii olaraq da bunun bəhrəsini görürük. Yəni bir insanın təkcə özünün deyil, yüzlərlə başqalarının da yararlanmasına imkan verən biznes qurması niyə kimlərisə narahat etməlidir?
Əksinə, gördüyümüz işlərə dəstək verilməlidir. Sözsüz ki, bizi tanıyanlar tanıyır, gördüyümüz işlər də çoxlarına məlumdur. Belə qeyri-ciddi yanaşmalar jurnalistika prinsiplərinə uyğun gəlməyən davranışlar, fəaliyyətimizdən hali onlarda ikrah hissi oyadır. Deyirlər, idman sahəsində də fəaliyyəti var.
Bəli, həm idman sahəsində, həm də ictimai sferada fəaliyyətimiz var. Gənclər üçün idman məktəbləri yaradır, onların pis vərdişlərdən uzaq olmasına çalışırıq. Bu günə qədər müxtəlif yarışlar təşkil etmişik. Türk Ağsaqqalları İctimai Birliyi – TAİB və “Missiya Media Qrupu” olaraq da fəaliyyətimiz göz önündədir. Bizim bir məqsədimiz var. O da dövlətimizə xidmət etməkdir. Hansı sahədə oluruqsa olaq, həmin istiqamətlərdə ciddi və faydalı iş nümunələri yaratmağa çalışırıq. Hazırda Ramazan bayramı ilə əlqədar illərdir davam edən ənənəmizə uyğun olaraq şəhid ailələri və qazilər üçün yeni bir sosial layihəmizi reallaşdırmağa hazırlaşırıq. Belə bir ərəfədə kim olduqlarını, yuvalarının harada olduğunu bildiyimiz bəziləri bizi mənəvi terrora məruz qoymağa çalışırlar. Olsun, yenə deyirəm, çirkli və qaranlıq heç bir işimiz yoxdur. Fəaliyyətimizdə heç vaxt haram iş olmayıb, ola da bilməz. Həmin adamlar hesab edirlər ki, adi bir kişinin övladını özünə biznes qurduğuna görə qaralamaq, ləkə atmaq lazımdır, qoy bildiklərini etsinlər. Biz dövlətimizə və xalqımıza xidmət etməkdə davamlı olacağıq”.