image-img-20221102-wa0024backend

“Rəsmi Tehranın bu çirkin siyasəti əslində türk düşmənçiliyidir” – Nəsib Məhəməliyev

image-reklam_sirab_01

“Rəsmi Tehranın bu çirkin siyasəti əslində türk düşmənçiliyidir” – Nəsib Məhəməliyev
Soçi görüşündən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə yollandı. Ermənistan baş nazirinin İrana səfərinin pərdəarxası məqamlarına aydınlıq gətirmək üçün Millət vəkili Nəsib Məhəməliyevlə həmsöhbət olduq. Millət vəkili Nəsib Məhəməliyev Vətəninfo.az-a müsahibəsində bu səfərin detallarına aydınlıq gətirdi.

– Soçi görüşündən sonra Ermənistan Baş Naziri Nikol Paşinyanın İrana qəfil səfərinin əsl səbəbi nədir?

– Soçi görüşündə Nikol Paşinyan arzularını və təkliflərini reallaşdıra bilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 5 prinsipə alternativ olaraq, 15 bənddən ibarət təkliflər paketi ilə çıxış etməsinə rəğmən, nəticə əldə edə bilmədi.
Nikol Paşinyan 2022-ci ilin 12-14 sentyabr tarixində baş verən hadisələri Azərbaycan tərəfinin təxribatı kimi, qəbul etdirmək, həmçinin, Azərbaycan qoşunlarının ötən ilin may ayından əvvəlki mövqelərinə çəkilməsi ilə bağlı müddəaları rəsmiləşdirmək istəyirdi. Lakin, bu təkliflər də qəbul edilmədi. Soçi görüşündə nə Nikol Paşinyan, nə də Rusiyanın bəzi ermənipərəst dairələri əvəldən planlaşdırdıqları məqsədlərinə çatmadılar.
Soçi görüşündən dərhal sonra Nikol Paşinyanın Fransa prezidenti Emanuel Makrona zəng vurması, ardınca isə Paşinyanın qəflətən İrana səfəri qaranlıq məqamlardan xəbər verir. Bu səfər onu göstərir ki, Nikol Paşinyan çətin durumdadır. Bu çətin durumdan çıxmaq üçün, sülhə yönəlik konkret addımlar atmaq əvəzinə vurnuxur. Görünən odur ki, onun bu addımları olduqca təhlükəlidir. Elə İrana tez-tələsik edilən səfər də, regiona əlavə gərginliklər gətirə bilər. Paşinyanın müxtəlif qütblər arasındakı çabaları Rusiya tərəfdəndə mənfi qarşılanır.
Azərbaycan isə, Ermənistandan fərqli olaraq, istər Soçidə, Brüsseldə, Praqada sistemli şəkildə, ardıcıllıqla stabil mövqedən çıxış edir. Bizim tələblərimiz beynəlxalq hüququn normalarına uyğun olmaqla, haqqa, ədalətə söykənir. Tələblərimiz, üçtərəfli razılaşmaların bütün bəndlərinin, konkret desək, “Zəngəzur dəhlizi”nin açılaması, silahlıların Qarabağdan çıxarılması, sərhədlərin qarşılıqlı şəkildə tanınmasıdır. “Zəngəzur dəhlizi”nin açılması, Ermənistan, İranla yanaşı, bütün region dövlətlərinin xeyrinədir. Əfsuslar olsun ki, İran dəhlizin açılmasına ciddi-cəhdlə mane olur. İranla bərabər, Ermənistanı da buna məcbur edir.
İranın Azərbaycana yönəlik düşmənçilik mövqeyi müxtəlif formalarda davam edir. İran Ermənistanı silahlandırır, ordusunun bərpasında yaxından iştirak edir, pilotsuz döyüş aparatları verir, avtomobil və dəmiryol xəttinin çəkilişi haqqında planlar qurur. Rəsmi Tehranın bu çirkin siyasəti, tarixi türk düşmənçiliyindən irəli gəlir. Özünü islam ölkəsi adlandıran bu ölkə, əslində İslam dünyasının ən qatı düşmənidir. İranın dostluq etdiyi bir dənə də olsa, müsəlman ölkəsi yoxdur. Bu ölkəni idarə edən molla rejimi, nəinki, anti-islam, ümumiyyətlə anti-insani rejim olduğunu son ayların hadisələri tam çılpaqlığı ilə göstərdi. Paşinyanın səfəri, hər iki ölkənin eyni dəyərlərə, eyni xislətə sahib olmalarını sübut edir.

– Rəsmi İrəvanın Rusiyaya qarşı siyasətinin dəyişməsi, bu səbəbdən bir çox rusiyalı siyasilərin Ermənistana girişinin qadağan edilməsi, Paşinyanın hakimiyyət qorxusu kimi başa düşmək olarmı?

– Nikol Paşinyan özünü rusiyameyilli kimi göstərsə də, amma reallıqda o qərbyönümlü siyasətçidir. Bədnam “Lazarev” klubunun daşnaklardan və ermənilərdən daha çox erməni olan konstantin Zatulinin, Marqarita Simonyanın Ermənistana buraxılmaması, Paşunyan hakimiyyətinin Rusiyanın təsirindən çıxmaq cəhdləridir. Onların əsas məqsədi Paşinyan hakimiyyətini devirmək və Ermənistanda Rusiyayönümlü siyasətçilərin hakimiyyətə gətirilməsidir.
Rusiya anlayır ki, Nikol Paşinyan etibar ediləsi lider deyil. Ona görə də Rusiyanın Paşinyanla bağlı özünün planları var. Bunu Paşinyan da bilir. Bilir ki, Rusiya onun xəyanətini bağışlamayacaq. İndi Rusiya özü də mürəkkəb durumdadır. Əsas diqqəti Ukrayna savaşına yönəlsə də, Cənubi Qafqazdakı vəziyyətin nəzarətindən çıxmasını istəmir. Bir çox məsələlər, Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Rusiyanın, ona xəyanət edən Ermənistanı cəzalandırması an məsələsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image