Roma Papası XIV Leonun sağ ağciyərinin bir hissəsi cərrahi əməliyyatla çıxarılıb. Əməliyyatdan sonra götürülən toxumaların müayinəsi nəticəsində ağciyər adenokarsinoması diaqnozu təsdiqlənib.
Vətəninfo.az xəbər verir ki, əməliyyat oktyabrın 13-də Romadakı Gemelli Xəstəxanasında həyata keçirilib.
Məlumata görə, həkimlər yaxın vaxtlarda aşkarlanan şişi çıxarmaq məqsədilə əməliyyat aparıblar. Cərrah Stefano Marqaritora və Papanın şəxsi həkimi Luici Karbone bildiriblər ki, təxminən 90 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb və hər hansı ağırlaşma qeydə alınmayıb.
Həkimlərin açıqlamasına əsasən, şişin tam çıxarılmasını təmin etmək üçün video dəstəkli cərrahi üsullardan istifadə olunaraq sağ ağciyərin aşağı payı çıxarılıb.
Əməliyyatdan sonra XIV Leon normal şəkildə ayılıb. Qısa tibbi müayinədən keçirildikdən sonra o, xəstəxana palatasına köçürülüb.
Ağciyər adenokarsinoması ağciyər xərçənginin geniş yayılmış növlərindən biridir. Papanın sonrakı müalicəsi və sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.


























