Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə yeni dövr başladı. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri yeni dövrün başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyev xalqın 92,12 faiz səsini toplayaraq Prezident seçildi. Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi.
Fevralın 14-də Milli Məclisdə keçirilən Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində son 20 ildə verilən hər bir vədin reallıqda öz əksini tapdığını əsaslı şəkildə qeyd edərək qarşıdakı yeni dövrün hədəflərini açıqladındı. Bildirilib ki, son 20 ildə verilən bütün vədlər yerinə yetirilib. Təbii ki, əsas hədəf ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması idi. Dövlət başçısı İlham Əliyev daim bu əminliyi ifadə edirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq. Bu hədəfə nail olmaq üçün Azərbaycanın hər bir sahədə güclənməsi, qüdrətlənməsi vacib amillərdən biri idi.
Prezident İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu amillərə yönəldərək bildirdi ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.
44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin uzun illər ərzində yaratdıqları bu mifləri tamamilə dağıtdı. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Xalqımız öz tarixinə, torpaqlarına sahib çıxan xalqdır. Tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına nəzər salsaq görərik ki, dövlət başçısı İlham Əliyevin tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində zəfərlərimizin miqyası daha da genişləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı nitqində bu reallığı xüsusi qeyd etdi ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır. Xalqımızın Prezidentinə inamı və onun vahid amal ətrafında birləşmə bacarığı uğurlarımızın mənbəyidir.
Zəfərlərimizdən bəhs edərkən gənc nəslin Vətən, torpaq sevgisini də xüsusi qeyd etməliyik. Prezident İlham Əliyev andiçmə mərasimində bu məqamı da xüsusi qeyd edərək bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Ötən ilin 20 sentyabr tarixində suverenliyimizin bərpasından keçən qısa müddət ərzində Xankəndidə, Xocalıda görülən işlərin miqyasının təqdimatı bu il soydaşlarımızın bu məkanlara qayıdışının hədəflənməsidir.
Yeni dövrün qalib Prezidenti andiçmə mərasimində Xankəndi şəhərində səsverməsini şərtləndirən amillərə də diqqəti yönəltdi. “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Xankəndidə səs verdiyi binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyi binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi. Ona görə məhz orada otuz il tarixi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Müzəffər Ali Baş Komandan böyük qürur hissi ilə bəyan etdi: “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Qalib Prezidentimiz yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil olduğumuzu önə çəkərək yeni hədəflərə zamanında nail olacağımıza əminliyini ifadə etdi. Güclü Azərbaycan həmişə hədəfimiz olub. Bu reallıq inkaredilməzdir ki, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.
Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. 20 ilin reallıqları bu inama böyük əsas verir. Sözümüz imzamızdır. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü kimi söz sahibliyini daha da möhkəmləndirir. Qarşıda dayanan yeni çağırışlar, eyni zamanda, böyük ailə olan türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru