Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyinin həyata keçirdiyi “Şəhid ailələrindən olan uşaqlar üçün psixoloji teatr təlimləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib.
Layihənin bağlanış tədbiri çərçivəsində hazırlanan “Meşədə nağıl” adlı yekun tamaşa Gəncə Dövlət Kukla Teatrında nümayiş olunub.
Tamaşanın nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə uşaqların və yeniyetmələrin tədbirə göstərdiyi maraq diqqət çəkib. Tədbirdə 100-dən çox tamaşaçı iştirak edib.
Layihə çərçivəsində keçirilən psixoloji teatr təlimləri uşaqların teatr və yaradıcılıq vasitəsilə özlərini ifadə etmələrinə, komanda şəklində çalışma bacarıqlarının inkişafına, yaradıcılıq potensiallarının üzə çıxarılmasına və səhnə təcrübəsi qazanmalarına imkan yaradıb. Təlimlər zamanı iştirakçılar teatr məşqləri, improvizasiya, obraz yaratma və səhnə fəaliyyəti ilə bağlı müxtəlif praktiki fəaliyyətlərdə iştirak ediblər.
“Meşədə nağıl” tamaşasının təqdimatı layihə iştirakçılarının əldə etdikləri teatr bacarıqlarını nümayiş etdirmələri ilə yanaşı, onların yaradıcılıq prosesində qazandıqları təcrübəni tamaşaçılarla bölüşmələri baxımından da əhəmiyyətli olub.
Yekun tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Tədbir iştirakçıları və tamaşaçılar üçün həmçinin qida və qəlyanaltılar təşkil olunub.
Tədbir layihənin əsas məqsədlərindən biri olan uşaqlar üçün təhlükəsiz, yaradıcı və dəstəkləyici mühitin yaradılmasına xidmət etməklə yanaşı, teatrın uşaqların sosial və emosional inkişafında mühüm vasitə kimi rolunu bir daha nümayiş etdirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihəni həyata keçirən təşkilat:
Azərbaycan Respublikası Uşaq Hüquqları Müdafiəsi Liqası İctimai Birliyi




























