image-3backend

Səmimi qonşuluq və faydalı əməkdaşlıq inkişaf edir

image-reklam_sirab_01

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın təminatı Azərbaycan – İran münasibətlərindən birbaşa asılıdır
Azərbaycan ilə İran arasında münasibətlərin yolu heç də həmişə hamar və rəvan olmamışdır. Amma indi keçmişi elə keçmişdə qoymaq və irəli baxmaq məqamıdır. Artıq umu–küsüləri unudub, iki qonşunun tarixin yaratdığı fürsəti düzgün dəyərləndirib, əl-ələ verib üzü inkişafa doğru irəliəməsi üçün heç bir maneə görünmür. Əlbəttə, bədxahlarımızın arzuladıqlarının əksinə olaraq, ortaq tarix, mədəni və dini bağlarımız olan cənub qonşumuzla münasibətlərdəki soyuqluq sonsuza qədər davam edə bilməzdi. Aşkar reallığın, siyasi məntiqin diktəsi ilə bütün suallara cavabların tapıldığı bir vaxtda iki dövlətin, iki xalqın yeni yolla birgə addımlamasının məqamı yetişməli idi.
Təxminən ötən ilin ortalarından başlayaraq, İran və Azərbaycan Xarici işlər nazirlərinin mütəmadi görüşləri ikitərəfli münasibətlərdə müsbət tendensiyanın üfüqlərini müəyyən etdi. Xüsusilə, keçən ilin payızından başlayaraq Bakı və Tehran tərəfindən bir-birinə yönəlik xoşməramlı, müsbət dəyərləndirmələrin səslənməsi də İlahi ədalətin qalib gəlməsindən xəbər verirdi. İndiyə qədər iki ölkə arasındakı münasibətlərin yumşalacağına skeptik yanaşan ekspertlər artıq “buzların əridiyi” qənaətinə gəldilər. Bu baxımdan, İranın “3+3” formatında keçirilən görüşə evsahibliyi etməsini beynəlxalq institutlar, “böyük güclər” maraqla izlədilər. Bununla da rəsmi Tehran, faktiki olaraq, Bakının təklif etdiyi “altılar”ın formatında iştirak etməyə razılığını verdi. Bunun ardınca Zəngəzur dəhlizinə alternativ olaraq Naxçıvana yolun İran ərazisindən çəkilməsi ikitərəfli münasibətlərdə normallaşmanın göstəricisi sayılmalıdır.
Beləliklə, təkcə bölgə ölkələri deyil, bütün dünya Azərbaycan–İran münasibətlərində böhran amilinin aradan qalxdığını gördü. Prezidentlərin görüşləri sayəsində ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlara tam aydınlıq gətirildi. Hərbi, diplomatik və hökumətlərarası səviyyələrdə İran–Azərbaycan təmaslarının müsbət nəticələri onu deməyə əsas verir ki, son illərdə Tehran–Bakı arasında dominantlıq edən gərginlik fazası arxada qalıb. tərəflər tərəfdaşlıq və konstruktiv dialoq yolunu tutublar.
Mayın 19-da iki dövlət başçıları arasında keçirilən görüşü tarixi hadisə kateqoriyasına aid etmək lazımdır. İki ölkə arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin reallaşması göstərir ki, Azərbaycan və İran öz aralarındakı səmərəli əməkdaşlıq imkanlarını uğura çevirməyi bacaran ölkələrdir. Yəni, ikitərəfli ticarət-iqtisadi əlaqələr Azərbaycan-İran əməkdaşlığının tərəqqi yoluna qədəm qoyduğunu göstərir.
Yeri gəlmişkən, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollarından biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Yaxın dörd-beş il ərzində dəmir yolunun çəkilməsi də nəzərdə tutulub. Birgə layihə Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Azərbaycanın İranla ikitərəfli əlaqələri daha da inkişaf etdirmək istiqamətində bütün addımları atacağı və bu siyasətinə sadiq qalacağı şühbəsizdir.
“İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir”. Bu sözləri Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib. İran–Azərbaycan birliyinin, dostluğunun sarsılmaz olduğunu deyən dövlətimizin başçısı bölgənin sabitliyi, tərəqqisi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bu dostluğun, qardaşlığın böyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıb.
Beləliklə, rəsmi Bakı öz mövqeyini ortaya qoydu və Tehranla münasibətlərin yeni, faydalı xəttini müəyyən etdi. Artıq ortada hər hansı anlaşılmazlıq yoxdur. Ona görə ki, Tehran Bakının çağırışlarına cavab verməklə, xoşniyyətli qonşuluq əlini sıxmaqla münasibətlərin uğurlu perspektivində maraqlı olduğunu nümayiş etdirdi. İranın mərhum Prezidenti İbrahim Rəisi iki gün əvvəl bunu açıq şəkildə bəyan etmişdi: “Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm”.
Artıq bölgənin geosiyasi coğrafiyasında yeni, müsbət təmayüllərin işartıları sezilməkdədir. Amma nəzərə alaq ki, İran–Azərbaycan əlaqələrinin inkişafı bəzi güclərin xoşuna gəlmir. Ola bilər. İntəhası, hər şeyin önündə gələn bizim maraqlarımız dayanır. Bədxahlarımız isə nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəyirlər.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki