image-1backend

Səttar Möhbalıyev: “Zəfər seçkisi Naxçıvanın 100 illik yubileyinə mühüm töhfədir”

image-reklam_sirab_01

“Ölkəmizdə reallaşan bütün prezident seçkilərində aktiv rol oynayan Naxçıvan Muxtar Respublikası da bütöv Azərbaycanda keçirilən Zəfər seçkilərində bir daha öz nümunəsini ortaya qoydu. Bütün bunları həm seçkilərə hazırlıq prosesində, həm də səsvermə günü Naxçıvanda şahidlik etdiyim reallıqlara əsasən söyləyirəm. Hələ seçkilərdən öncə seçicilərimlə görüşərkən onlar birmənalı şəkildə seçkilərdə iştirak edəcəklərini və ən layiqli namizədə səs verəcəklərini bəyan edirdilər. Fevralın 7-də bu, bir daha təsdiqini tapdı. Milli Məclisdə təmsilçisi olduğum Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınmışdı. Səsverməyə start verildiyi andan muxtar respublika sakinləri seçkilərdə fəal iştirak etməyə başladılar. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülmüşdü. 35 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkün oldu. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsində səsvermə hüququmdan istifadə edərkən şahidi olduğum mənzərə isə qürur hissi yaşatdı. Həm məntəqədə təşkil olunmuş qeydiyyat prosesi, həm seçici fəallığı mükəmməl idi”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Onun sözlərinə görə, muxtar respublika üzrə seçici fəallığı 82.09 faiz təşkil edib: “Səslər hesablandıqdan və “exit-poll” nəticələri elan edildikdən dərhal sonra Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın şəhər və kəndlərində sakinlər küçələrə axışıb, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımızı dalğalandırmaqla və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd etməyə başladılar. Bu, Naxçıvan əhalisinin cənab İlham Əliyevə olan sevgisinin, inamının, böyük etimadının real mənzərəsi idi. Ümumiyyətlə, Naxçıvan sakinləri hər zaman seçkilərdə yüksək fəallıqları ilə fərqləniblər və fevralın 7-də bu, bir daha təsdiqini tapdı. Naxçıvanlılar hər zamankı kimi, bu seçkilərdə də aktiv iştirak edərək Azərbaycanın işıqlı sabahına səs verdilər”.
AHİK sədri vurğulayıb ki, bu seçkilərin həm də Naxçıvan üçün xüsusi özəlliyi oldu: “Çünki bütöv Azərbaycanda keçirilən 2024-cü il 7 fevral tarixli ilk prezident seçkiləri muxtar respublikanın 100 illik yubileyinə təsadüf etdi. Məhz bu gün – fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvan diyarı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi ilə bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarıb, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar”.
Səttar Möhbalıyev qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir: “Cənab İlham Əliyevin ötən il iyulun 5-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı isə Naxçıvanın yeni tərəqqisinin yol xəritəsi hesab olunur. Dövlət başçısının sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern tərəqqisi geniş vüsət almağa başlayıb. Səlahiyyətli nümayəndənin icrasını reallaşdırdığı tapşırıqların mənzərəsi Naxçıvanın yeni hədəflərə doğru düzgün yolda olduğunu təsdiqləyir. Bir sözlə, Naxçıvan əhalisi Zəfər seçkisində cənab İlham Əliyevə etimad mandatı verməklə həm də daha möhtəşəm gələcəyə səs vermiş oldu. Xalqdan etimad mandatı alan Prezident İlham Əliyev isə yeni milli ideya ilə yeni dövrə başlayacaq. Bu ideya Azərbaycanın daha çox inkişafına, müdafiə gücünün artırılmasına, xalqımızın milli birliyinin daha da möhkəmlənməsinə və xarici düşmənlərimizə qarşı daha mətinləşməsinə səbəb olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki