“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən Qlobal Fondun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində əməkdaşlar üçün növbəti illik İİV profilaktikası təlimi keçirilib.
Qeyd edək ki,10.01.2024-cü il tarixində keçirilmiş təlimdə təşkilatın 20 əməkdaşı və icma ilə birbaşa işləyən mütəxəssislər iştirak ediblər.
Təlim zamanı İİV-ə yoluxma risklərinin qiymətləndirilməsi, riskli davranışların müəyyən edilməsi, profilaktik məlumatların düzgün çatdırılması, qoruyucu vasitələrdən istifadə və şəxslərin vaxtında İİV testinə yönləndirilməsi məsələləri müzakirə olunub.
İştirakçılar gündəlik iş zamanı qarşılaşdıqları real vəziyyətləri bölüşüb, xidmətlərdən istifadə etməkdə tərəddüd edən şəxslərlə düzgün ünsiyyət və onların tibbi xidmətlərə yönləndirilməsi yolları barədə praktiki fikir mübadiləsi aparıblar.
Təlimdə xüsusilə vurğulanıb ki, İİV profilaktikasında yalnız məlumat vermək deyil, şəxsin ehtiyacını düzgün müəyyənləşdirmək və lazım gəldikdə onu müvafiq xidmətə qədər müşayiət etmək də vacibdir.
“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi əməkdaşların bilik və bacarıqlarının mütəmadi yenilənməsini vacib hesab edir və bu məqsədlə illik təlimləri gələcəkdə də davam etdirəcəkdir.


























