Ötən gün Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisini və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Nəticədə ordumuzun bir hərbi qulluqçusu yaralanıb. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın törətdiyi təxribata “qisas əməliyyatı” ilə cavab verib.
Hərbi ekspert Heydər Mirzə Publika.az-a bildirib ki, sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda Ermənistanın bu addımı mənfi xarakterli mesajdır:
“Bu təxribatlar ilk dəfə bütün suveren Azərbaycanın ərazisində keçirilmiş prezident seçkilərindən bir neçə gün sonra baş verdi. Düşünürəm ki, Prezident İlham Əliyevin andiçmə mərəsimi ərəfəsində Ermənistan yenə hər zamanki kimi ikili oyun oynayır. Sülh müqaviləsinin imzalanması fonunda İrəvanın bu davranışı ekspertlər, analitiklər tərəfindən də vurğulanır”.
Ekspert Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətsizliyindən də danışıb:
“Təxribatın görüntülərində hər şey aydın görünür, fakt ortadadır. Sual yaranır ki, Avropa İttifaqı tərəfindən Ermənistana göndərilən müşahidəçilər bu barədə nə düşünürlər? Nəticə göz önündədir. Aİ missiyası baş verən hadisəyə reaksiya verməlidir. Son təxribat seçkilərdən sonra Azərbaycana verilən neqativ mesajdır. Tərəflər sülh müqaviləsinə doğru gedərkən, qarşı tərəf öz ikili oyununa davam edir. Düşünürəm ki, təxribatın arxasında digər qüvvələr dayanır. Hər zamanki kimi indi də Ermənistanın müdafiə və xarici siyasətindən danışmaq mümkün deyil. Bu təxribat bu çərçivələrdə təhlil edilməlidir”.