image-1backend

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Qırmızı Ordu harda dayanmışdısa, əsl sərhəd oradır”

image-reklam_sirab_01

Vətəninfo.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun müsahibəsini təqdim edir.

– Tofiq bəy, 2024-cü il yeni başlayıb, lakin Emrənistanla Azərbaycan arasında danışıqlar prosesində durğunluq yaşanır. Paralel olaraq isə Ermənistan Fransa, İran, Rusiyadan silah alır. Nə baş verir?

– Azərbaycanın və ya Ermənistanın ərazi bütövlüyü hələ müəyyən olunmayıb. Bu məsələ çox vacibdir və öz həllini tapmalıdır. Həm onlar, həm biz danışıqlar prosesində iştirak etməliyik. Hər kəs öz mövqeyini açıq şəkildə ifadə etməlidir.

Misal üçün, rəsmi İrəvan son zamanlar tez-tez rəqəmlər və ya hansısa ilin xəritələri əsasında nəyisə izah etməyə çalışır. Əlbəttə ki, Ermənistan burada öz maraqlarını düşünür və bu əsasda təkliflər irəli sürür. Biz də öz maraqlarımız əsasında daha öncəki tarixin xəritələrini gündəmə gətirib, müzakirələrdə istifadə etməliyik. Əlimizin güclü olması çox vacibdir.

1920-ci ilin xəritələrində bu gün Ermənistanın olan bir çox ərazi Azərbaycana məxsusdur. İrəvan bu reallığı bilir və çox qorxur. Danışıqlar prosesini intensivləşdirmək və Ermənistanı geri oturtmaq üçün bu faktordan istifadə etməliyik.

– Bu, tarixi metodologiyadır. Sizcə, daha əvvəlki xəritələrə istinad etmək prosesi dalana dirəməz?

– Xeyr. Belə ki, SSRİ dağılandan sonra 1991-ci il Alma-ata bəyannaməsi qəbul edildi. Burada sovet sərhədləri əsas kimi götürüldü. Bununla belə sənəddə konkret tarixi xəritələr qeyd edilməyib. Bundan başqa Ermənistan bəyannamə imzalandıqdan sonra öhdəlikləri pozdu. Yəni Türkiyə, Gürcüstan ilə Almata bəyannaməsindəki sərhədlər qəbul edilsə də Azərbaycanla edilmədi.

Ermənistan konstitusiyasında və müstəqillik aktında “tarixi” ərazilər onların ərazi bütövlüyü kimi qəbul edilib. Bu fakt belə özlüyündə Almata bəyannaməsinin pozulmasıdır. Mən buna görə deyirəm ki, Azərbaycan öz mövqeyini göstərməlidir. Əgər hansısa tərəf fərqli prinsiplər ortaya qoyursa, məsələ danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar zamanı isə qarşı arqumentlər irəli sürülməlidir.

Mən demirəm Ermənistan ilə Zəngəzur üçün müharibə edək. Mən deyirəm ki, bütün bu məsələləri müzakirə edib, həll edək. Bizim haqlı olduğumuz tərəflər daha çoxdur.

– Siz Zəngəzurdan bəhs etdiniz. Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı məsələdə geniş müzakirə edilir. Ümumiyyətlə, dəhlizin aqibəti barədə nə düşünürsünüz?

– Azərbaycan dövlətinə, xalqına qarşı bolşeviklər ədalətsiz qərar qəbul edib. Söhbət Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrılması ilə nəticələnən torpaq mübadiləsindən gedir. Azərbaycan bir ərazisindən başqa ərazisinə rahatlıqla keçmək istəyir. Burada əsas məsələlər kommunikasiyalar ilə bağlıdır.

Ümumiyyətlə Ermənistan 1991-ci ildə ərazilərimizi tanısaydı bu gün bu problemlər olmayacaqdı. 30 il ərazidə torpaq iddialarına görə qurbanlar verdik. Bu gün də bizim ixtiyarımız var ki, mövqeyimizi göstərək. Azərbaycanlılar ölkənin əsas hissəsindən Naxçıvana keçmək haqqına sahibdir. Ermənistan isə bunun üçün şərait yaratmalıdır. Bu, gec-tez baş verməlidir.

Torpaqlarımız ötən əsrdə hissə-hissə bir neçə dəfə Ermənistana verilib. 9 min kvadrat kilometr ərazisi olan Ararat Respublikasının ərazisi 29 min kvadrat kilometrə qədər artırılıb.

Azərbaycanın ərazisinin böyük bir hissəsi 1920-ci ilin payızında, digər hissəsi isə 1929-cu ildə verilib. Onu da deyim ki, Ermənistana verilən torpaqlar Qarabağdan 3 dəfə böyük ərazidir. Misal üçün, 20-ci ilin xəritələrində Göyçə gölü iki ölkə arasında sərhəd sayılırdı.

Bolşeviklər birinci Azərbaycanı işğal etdilər. Ermənistan isə çox sonradan işğal edildi. Sual yaranır: Qırmızı Ordu (bəzi mənbələrdə XI Qızıl Ordu – red.) bu vaxta kimi harda dayanırdı? Əslində, məsələ budur. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra sərhədlər necə idisə, əsl sərhədlər məhz elədir.

Müxtəlif dövrə aid sovet xəritələri ola bilər. Ermənilərin hansı xəritəni irəli sürməsindən asılı olmayaraq, reallıq budur. Bir daha deyirəm, bütün bunlar danışıqların mövzusudur.

Biz əvvəldən başlamalıyıq: prinsip olaraq iki ölkə SSRİ-yə hansı sərhədlərə daxil olublarsa, o sərhədlər bərpa edilməlidir.

– Tofiq bəy, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi nə vaxt və harada imzalanacaq?

– Yekun sülh müqaviləsindən danışmaq üçün hələ çox tezdir. İndiki məqamda imzalancaq sülh müqaviləsi çərçivə sazişi ola bilər. Bunun üçün isə ərazi bütövlüyünün tanınması şərtdir. Özü də bu proses qarşılıqlı şəkildə olmalıdır.

Burada əsas məsələ keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin iştirak etməməsidir.Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image