image-reklam-veteninfo
image-1backend

Türk ölkəsinin ən böyük qızıl yatağı tükənir – Prezident rəsmən tarix verdi

image-reklam-veteninfo

Qırğızıstanın ən böyük qızıl yatağı – Kumtorun açıq mədən ehtiyatlarının 2031–2032-ci illərdə tükənəcəyi gözlənilir.

Bu barədə ölkə Prezidenti Sadır Japarov açıqlama verib.

Dövlət başçısı Kumtor yatağında açıq üsulla qızıl hasilatı başa çatdıqdan sonra bütün texnikanın ölkənin digər iri yatağı olan Jetim-Toonun mənimsənilməsinə yönəldiləcəyini bildirib.

“Bundan sonra bütün texnika Jetim-Too yatağının işlənməsinə göndəriləcək”, – deyə prezident vurğulayıb.

Japarov ölkənin ikinci ən böyük qızıl yatağı olan Jeruyun iqtisadi göstəricilərinə də diqqət çəkib. Onun sözlərinə görə, “Alyans Altın” şirkətinin istismar etdiyi yataqdan 2026-cı ilin ilk doqquz ayında dövlət büdcəsinə 20 milyard som (təxminən 228 milyon dollar) vəsait daxil olub.

“Əvvəllər Kumtordan büdcəyə 5 milyard som daxil olanda sevinirdik. Bu gün isə təkcə Jeruy yatağı həmin məbləğdən dörd dəfə çox gəlir təmin edir”, – deyə Qırğızıstan prezidenti bildirib.

Kumtor yatağı hələ SSRİ dövründə, 1978-ci ildə sovet geoloqları tərəfindən aşkar edilib. 1979–1989-cu illərdə burada genişmiqyaslı geoloji kəşfiyyat işləri aparılıb. 1989-cu ildə SSRİ-nin müvafiq qurumları yatağın istismar layihəsini hazırlasa da, təxminən 995 milyon sovet rublu tələb edən yüksək xərclər səbəbindən hasilata başlanılmayıb.

Dəniz səviyyəsindən təxminən 4 min metr yüksəklikdə yerləşən yataqda sənaye üsulu ilə qızıl hasilatına yalnız 1997-ci ildə başlanılıb. Kumtor Mərkəzi Asiyanın ən böyük qızıl mədənlərindən biri hesab olunur.

2021-ci ildə yataqda müvəqqəti dövlət idarəçiliyi tətbiq edilib, 2022-ci ildə isə Kumtor tamamilə Qırğızıstanın mülkiyyətinə keçib. Bundan əvvəl mədən Kanadanın “Centerra Gold” şirkətinin nəzarətində olub. Qırğızıstan hakimiyyəti əvvəlki istismar dövründə ekoloji zərərin vurulduğunu və korrupsiya hallarına yol verildiyini bildirib.

Qızıl ölkənin ixracında mühüm yer tutur. Məlumata əsasən, 2025-ci ildə Qırğızıstanın ümumi ixracında qızılın payı 22,5 faiz təşkil edib. Bu göstərici 2024-cü ildə 70 faizdən çox olub.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki