Türkiyədə 2028-ci ilə qədər növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı siyasi gündəmdə zaman-zaman müzakirə olunur.
Bəs belə bir seçki baş tutarsa, ən real namizədlər kimlər ola bilər və şanslar necə qiymətləndirilir?
Mövzu ilə bağlı açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, Türkiyə siyasi tarixində növbədənkənar seçkilər qeyri-adi hal hesab edilmir:
“Türkiyə elə bir dövlətdir ki, burada növbədənkənar seçkilərin keçirilməsi yeni və ya gözlənilməz hadisə deyil. Keçmişdə dəfələrlə növbədənkənar parlament seçkilərinin şahidi olmuşuq. Bu baxımdan, müəyyən siyasi zərurət yaranarsa, növbədənkənar prezident seçkilərinin keçirilməsi də mümkündür.
Əsl məsələ belə bir seçkinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün nə dərəcədə sərfəli olmasıdır. Əgər hakimiyyət bunu öz siyasi maraqlarına uyğun hesab etsə, Prezident Rəcəb Tayyib Ərdoğan yenidən namizədliyini irəli sürə bilər. Bu halda növbədənkənar seçkilərin keçirilməsi ehtimalı artır”.
Politoloq qeyd edir ki, seçkilər baş tutarsa və Ərdoğan namizəd olarsa, onun qələbə şansları hələ də yüksək olaraq qalır.
“Düzdür, əvvəlki illərlə müqayisədə bu üstünlük müəyyən qədər azalıb. Lakin müxalifət düşərgəsində, xüsusilə Cümhuriyyət Xalq Partiyasında (CHP) müşahidə olunan daxili müzakirələr və namizədlik ətrafındakı qeyri-müəyyənliklər hakimiyyətin mövqeyini gücləndirən amillərdəndir.
CHP daxilində əsas namizəd kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun adı çəkilir. Ancaq onun məhkəmə prosesinin yekunlaşmaması namizədliyini sual altında saxlayır. Digər potensial namizəd Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşdır. Bununla yanaşı, Özgür Özəlin və Kamal Kılıçdaroğlunun adları da zaman-zaman mümkün namizədlər sırasında hallandırılır.
Hazırkı mürəkkəb siyasi şəraitdə seçkilərin nəticəsini əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir. Bununla belə, Ərdoğan namizəd olacağı təqdirdə, müəyyən üstünlüyə malik tərəf kimi görünür. Onun qarşısında isə ən ciddi rəqiblərdən biri Əkrəm İmamoğlu hesab olunur. Lakin həm hüquqi proseslər, həm də müxalifət daxilində yekdil namizəd məsələsinin tam həll olunmaması seçki mənzərəsini mürəkkəbləşdirir.”
Politoloqun fikrincə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalını tam istisna etmək olmaz. Lakin bunun reallaşıb-reallaşmayacağı həm hakimiyyətin siyasi hesablamalarından, həm də müxalifətin vahid namizəd ətrafında birləşmək qabiliyyətindən asılı olacaq.konkret.az


























