Qlobal statistikaya görə, dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır ki, bu da şəhər ərazilərini isti dalğaları, daşqınlar, su qıtlığı, dəniz səviyyəsinin yüksəlməsi, daxili su hövzələrinin quruması, sahilyanı ekosistemlərin deqradasiyası və iqlimlə bağlı digər təhlükələrə qarşı olduqca həssas edir.
Korrekt.az xəbər verir ki, bu sözləri Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim cəbhələrindən hekayələr” mövzulu tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O qeyd edib ki, təbiət ciddi təzyiq altındadır. “Bu gün dünya iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə olmaqla üçlü planetar böhranla üz-üzədir. Bunlar birlikdə ekosistemi, insan rifahını, dayanıqlı inkişafı, eləcə də şəhərlərimizin və icmalarımızın dözümlülüyünü təhdid edir. Bu faktlara görə, ekoloji problemlər dünyanın müxtəlif regionlarında fərqlənir. Lakin onların hamısı eyni təzyiqdən, yəni iqtisadi inkişaf ilə ekoloji balans arasındakı qopuqluqdan qaynaqlanır”, – deyə nazir müavini bildirib.


























