“ABŞ-ın İran üzrə elçisinin Abram Paley Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər Yaxın Şərqdə baş verən hadisələr və Tehranın Cənubi Qafqazdakı rolu ilə bağlıdır. Amerikalı diplomat Prezidentin köməkçisi Hikmət Hacıyevdən sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə də görüşübsə əsas mövzunun məhz İranın siyasəti olduğu bəllidir.”- bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloq hesab edir ki, Vaşinqton Tehranın bölgədəki planlarından narahatdır.
“ABŞ elçisinin İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşməsi və İran rejiminin regionda sabitliyi pozan davranışları barədə müzakirələr aparması isə İsrail-İran qarşıdurması ilə bağlıdır. Vaşinqton hesab edir ki, Tehran İsrailin İranın Suriyadakı konsulluğuna raket hücumunun intiqamını almaq üçün Cənubi Qafqazdakı “imkanlarından” da istifadə edə bilər. Təsadüfi deyil ki, iranlı deputatlardan biri İsrailin Azərbaycandakı səfirliyinə hücum təşkil etməyə çağırıb. Bu çağırış Azərbaycanla yanaşı ABŞ və İsraili də ciddi narahat edib. Bir ölkə ki, qonşu ölkənin millət vəkilinə qarşı sui-qəsd təşkil edir, kəşfiyyat şəbəkəsi vasitəsilə icra hakimiyyətinin başçısını öldürmək istəyir, həmin ölkədən başqa təhlükəli addımlar da gözləmək mümkündür. Ona görə mümkün təhlükəyə qarşı mübarizədə xəbərləşmə vacibdir. Bununla yanaşı Vaşinqton İran-Ermənistan münasibətlərindən narahat olmalıdır. Çünki məhz Ermənistan İranla eyni mövqedən çıxış edir.”- deyə Elxan Şahinoğlu əlavə edib.