Azərbaycanda dövlət bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan vətəndaşları ödənişsiz dərman preparatları ilə təmin edir.
Vətəninfo.az xəbər verir ki, dövlət tərəfindən verilən dərmanları pulsuz almaq istəyənlər adiyyəti qurumlara müraciət etməlidir.
Ölkə ərazisində kimlərin pulsuz dərman almaq hüququna malik olduqlarını müəyyənləşdirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, pulsuz dərman preparatları əlilliyi olan şəxslərə, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqlara və ya 18 yaşınadək yeniyetmələrə, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlara, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocalara, uşaqlara, əlillərə, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşlara verilir:
Həmçinin 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrə pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Bunlara “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” daxildir”.
TƏBİB-dən həmçinin qeyd edilib ki, dərman vasitələrinin verilmə müddətinə heç bir məhdudiyyət qoyulmayıb. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər zəruri sənədləri təqdim etdikdə hər ay dərman vasitələri ilə təmin edilirlər:
“Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi tibb müəssisələrinə müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri (əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya köçkün statusu haqqında vəsiqəsi, xəstəlik haqqında arayış və s.) təqdim etməlidirlər. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.
Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.
Pulsuz verilən dərmanların siyahısı ilə BURADAN TANIŞ OLA BİLƏRSİNİZ.