Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
Eyni zamanda qeyd edilməlidir ki, ölkə başçısı dördüncü ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı. Ötən ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyimizi tam bərpa etdi və bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Qeyd edildiyi kimi mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu.
Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. Qeyd edildi ki, “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
İyirmi il ölkəmiz torpaqlarımızın azad olunmasına hazırlaşmışdır. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedib. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Cənab Prezident vurğuladı ki, “Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”.
Ötən illər ərzində ölkə rəhbərliyi qarşısında düran əsas vəzifə torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğuladı ki, “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü