1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda XX əsrin sonlarında insanlığa qarşı ən böyük cinayəti törətdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutdu. Yaşayış məntəqəsində qalan təqribən 2500 nəfər Ağdama çatmaq ümidi ilə Xocalını tərk etdi. Amma onlardan 613-ü qətliamın qurbanına çevrildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən tərəfindən yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər əsir, 150-si itkin düşdü.
Qeyd edək ki, 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da şəhərin strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.
Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir. Bu il xalqımız Xocalı soyırımının 30 illiyini 44 günlük müharibədə Qələbə qazanmış, 2 min nəfərdən çox Xocalı qurbanlarının qisasını almış qalib xalq kimi, güclü millət kimi yad edib. Bu 44 günlük savaşda qazandığımız böyük Zəfərlə biz bütün dünyaya göstərdik ki, illərlə göz yumduğunuz ədalətsizliyi Azərbaycan xalqının, rəşadətli Ordumuzun, müdrik Ali Baş Komandanımız Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə əldə etdik.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.
Bu il fevralın 26-da Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır.
Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkünlərin ilk nümayəndələri artıq öz döğma yurdlarına köçülülməsinə başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. “Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident Xocalılarla görüşdə bildirib.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru