image-2backend

Xocalı soyqırımından 32 il ötür

image-reklam_sirab_01

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu dəhşətli soyqırımı dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət isə birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.
Artıq 32 ildir ki, bəşəriyyət, sivil dünya Xocalı qətliamından xəbərdardır. Hər kəs bilir ki, Xankəndinin 10 kilometrliyində yerləşən bu şəhərin 7 minə yaxın əhalisi bir gecədə məhv edildi. Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilib.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb.
Məlum olduğu kimi 2020-ci ilin noyabrındakı 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı da daxil olmaqla Qarabağdakı digər şəhər və yaşayış məntəqələrinin işğaldan azad edilməsi, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyildi, bu, həm də şəhidlərimizin, Xocalı qurbanlarının qisası idi.
Nəhayət ki, şəhidlərimizin ruhu şaddır!

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki