image-reklam-veteninfo
image-img_1764backend

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır – Şok planı ortaya çıxdı

image-reklam-veteninfo

Bir “yəhudinin” hicab davası, yaxud “yalançı peyğəmbərin” özünüifşası…

Əsl adı Kazım Abbasov olan, lakin özünü yəhudi “David Seliverstov” kimi təqdim edən şəxs məktəblərdə vahid geyim formasının tətbiqindən sonra gündəmə gələn “hicab qadağası” müzakirələrinə baş qoşub və belə demək mümkünsə, “hicaba azadlıq” tipli çağırışlar edib.

David Seliverstov (saxta adı ilə çağıraq) sosial platformalarda məktəblərdə “hicab aksiyası”na dəstək verib və bunu uzun-uzadı hüquqi əsaslarla izah etməyə çalışıb. Əsasən də Konstitusiyaya əsalanıb. Halbuki, məhz Konstitusiyanın dünyəvilik prinsipini qorumaq və dövlətin təhsil sisteminə nəzarəti ilə bağlı tələbləri Kazımın, yaxud saxta adı ilə desək, Davidin iddialarını çürüdür. Elə buradan da onun hüquqşünaslığının nə qədər yalançı olduğu bir daha ortaya çıxır.

Bu şəxsin indi niyə belə mövqe sərgilədiyini anlamaq üçün əvvəlcə onun gerçək kimliyinə nəzər yetirmək lazımdır.

Kazım Elşən oğlu Abbasov: müxtəlif cinayətlərə görə dəfələrlə həbsdə olmuş bu şəxs Hollivud filmlərinə mövzu olacaq qədər fırıldaqçılıq edib. O, saxta yolla vəsiqə düzəldərək, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib və insanları müxtəlif vədlərlə aldadıb, eyni zamanda, təzyiq və şantaj əməlləri törədib.

2011-ci ildə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək (Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri) ittihamı ilə 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Daha sonra Kazım Abbasov haqqında Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi açılıb, məhkəmənin hökmü ilə 2 il müddətində azadlıqdan məhrum edilib, 3500 manat cərimə olunub.

2014-cü ildə isə bu şəxs külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

Uzunmüddətli fırıldaqçılıq və həbs həyatından sonra Kazım Abbasov “əsrin fırıldağı” hesab olunacaq saxtakarlığa əl atıb. Özünü “David Seliverstov” adlı yəhudi adlandırıb və “Magen David: Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti” adlı təşkilat yaradıb. Azərbaycanda rəsmi olaraq, David Seliverstov adlı şəxs yoxdur. Amma o, bu ad altında efirlərə çıxıb, tədbirlər təşkil edib, İsraildən qonaqlar dəvət edib, hətta, deputatlarla da işbirliyi həyata keçirib.

Bəs bunu necə edib? Bu, artıq sözün gerçək mənasında “fırıldaqçılığın zirvəsi” hesab oluna bilər.

Təsəvvür edin ki, Kazım Abbasov kimi (gerçək adı) insanları aldadır, dələduzluq edir, bu yolla qazandığı pulları David Seliverstov kimi leqallaşdırmağa çalışır.

O, hətta Milli Məclisin deputatı Anatoliy Rafailovu belə aldada, onun vasitəsilə əlaqələr qurmağa və onun adından istifadə edərək, cinayətlər törədə bilib. Və bütün bunları edərkən, özünü “yəhudi David Seliverstov” kimi təqdim edib.

Məlumatlara görə, David Seliverstov “Magen David Azərbaycan”ın tərkibində “Magen David International Center for Women” adlı təşkilat yaradaraq, xanımları da öz əməllərinin alətinə çevirib.

Onun əməlləri mediada ifşa edildikdən sonra ölkədən qaçdı və qaçarkən, “Azərbaycana investisiya cəlb etmək üçün İsrailə səfər etdim” deməklə yenı fırıldağa əl atıb. Halbuki, Gürcüstana qaçaraq, oradakı kazinolarda gəzdiyini əks etdirən məlumatlar və görüntülər var.

İndi bu fırıldaqçının “hicaba dəstəyi” absurd və ironik göründüyü kimi, səbəbsiz də deyil. İndi də David Seliverstov növbəti fırıldaq aktına hazırlaşır. O, Avropa ölkələrinin birinə getmək və sığınacaq almaq məqsədilə, Azərbaycanda “hicab qadağası” adı altında törədilən iğtişaşları dəstəkləyir, özünü “xalqın yanında” olan şəxs kimi göstərir. Avropaya üz tutanda sosial şəbəkələrdəki paylaşımlarını göstərərək, iddia edəcək ki, “Azərbaycanda aksiyaları dəstəklədiyi üçün təzyiqlərə məruz qalıb, geri qayıtsa, həyatı təhlükədə olacaq, buna görə siyasi sığınacaq verilməlidir”.

Bütün Azərbaycanı aldadan, hətta, yəhudilərə belə kələk gələn David Seliverstovun növbəti hədəfi Avropadır. Görünür ki, törətdiyi dələduzluq əməllərinə görə Azərbaycana qayıda bilməyən Kazım Abbasov Avropaya sığınaraq, “David Seliverstov macəralarını” davam etdirmək niyyətindədir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki