image-af3091fa-d215-493a-82e5-46d8b6ac5ce6backend

“Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açılacaq

image-reklam_sirab_01

Zəfər Günü gənc rəssam Natiq Nəcəfzadənin “Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açılacaq

8 Noyabr – Zəfər Günü “NUR Art House” qalereyası ənənəsinə sadiq qalaraq sənətsevərləri xoş günümüzün aynası, dar günümüzün dayağı olan xalça sərgisinə dəvət edir. Bu dəfə “Azərbaycan xalçaçıları” İB-nin üzvü, istedadlı xalçaçı-rəssam Natiq Nəcəfzadə “Zəfər, qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisi ilə sizə qələbə diləkli milli naxışlarımıza müasir baxışını təqdim edəcək.
Xovsuz və xovlu xalça eskizləri xalqımızın milli kimliyini və Zəfərə aparan yolun keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng, həm də sözlə təsvir edərək, sülh, sabitlik, firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür. Xalça bizim yaşam tərzimizin, Vətənə məhəbbətimizin, iqtisadi durumumuzun, adət-ənənələrimizin canlı obrazıdır.
Proqram-sərgidə sənətsevərlərə təqdim olunan əsərlərdə xalçaçı-rəssam, rəngkar və qrafik Natiq Nəcəfzadə yaradıcılığında ənənənin və varislik xüsusiyyətinin naxışlı kompozisiyalarda poetik ifadəsi nümayiş olunur. Bu, həmin qan yaddaşıdır ki, igidlərimizi Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunun təkanverici qüvvəsi oldu. Bu, Vətənə məhəbbət, maddi-mənəvi dəyərlərimizə sədaqət, tariximizə hörmət, adət-ənənələrimizi yaşatmaq hissindən qaynaqlanan qəhrəmanlıq mücəssəməsidir.
On gün davam edəcək sərgi zamanı sənətsevərlər Natiq Nəcəfzadənin Ustad dərslərində iştirak edəcək, onunla xalça aləminə səyahət edib, naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri, xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər.
Daim gənc istedadlara, sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House” qalereyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir.
Sərgi 08 Noyabr 2022-ci ildə İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” qalerayasında saat 17:00-da açılacaq və noyabrın 18-nə kimi davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki