Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla birlikdə Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Zelenski bu barədə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Trampla keçirdiyi ikitərəfli görüşdən sonra təşkil etdiyi mətbuat konfransında danışıb.
Ukrayna Prezidenti Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ilin fevralından davam edən müharibəyə son qoyulması üçün liderlərin bir araya gəlməsi mühüm əhəmiyyət daşıyır.
Zelenski bildirib ki, Tramp ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi istiqamətində təşəbbüs göstərə bilər.
“Mən üçtərəfli görüşə hazıram, amma düşünmürəm ki, Putin buna hazırdır. O, müharibəni bitirməyə hazır deyil”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Tramp ilə görüşündə enerji infrastrukturuna qarşı hücumların dayandırılması məsələsinin də müzakirə edildiyini bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya enerji infrastrukturunu hədəf almağı dayandıracağı təqdirdə, Ukrayna da bu istiqamətdə atəşkəsə hazırdır. O əlavə edib ki, bununla bağlı təkliflər ABŞ vasitəsilə Rusiya tərəfinə çatdırılacaq.
Zelenski, həmçinin ABŞ rəsmiləri ilə “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.


























